ELM VƏ TƏHSİL
"Elektrik və tikinti sahələrində texniki peşə təhsili" mövzusunda Beynəlxalq simpozium keçiriləcək
Bakı, 1 sentyabr, Samirə Quliyeva, AZƏRTAC
Noyabrın 30-da Türkiyənin Anadolu Universitetinin təşkilatçılığı ilə universitetin Yunus Emre Kampusunda "Elektrik və tikinti sahələrində texniki peşə təhsili" mövzusunda birinci Beynəlxalq simpozium keçiriləcək.
İqtisadiyyat və Sənaye Nazirliyinin İqtisadi İslahatlar Elmi-Tədqiqatlar İnstitutundan AZƏRTAC-a bildiriblər ki, simpoziumda peşə təhsilində elektrik və tikinti sahələrinin əhəmiyyəti, dünyada və Türkiyədə cari vəziyyət; elektrik və tikinti sektorları ilə peşə təhsili müəssisələrinin işbirliyi; peşə təhsilində elektrik və tikinti sahələrində tətbiqlər və təkliflər; peşə təhsili və məsafədən (distant) təhsil; elektrik və tikinti sektorlarında texnologiyalar və texnoloji yeniliklər; tətbiqi elmlərdə tədqiqatlar; enerji effektivliyi və bərpa olunan enerji mənbələri mövzularında müzakirələr aparılacaq.