MƏDƏNİYYƏT
Bakıdakı Rus evində Beynəlxalq Rəqs Günü qeyd edilib
Bakı, 27 aprel, AZƏRTAC
Bakıdakı Rus evində Beynəlxalq Rəqs Günü münasibətilə “Hamı rəqs edir!” adlı böyük bayram konserti olub.
AZƏRTAC xəbər verir ki, tədbir konsertin ideya müəllifi, xoreoqraf Lenay Seydəli-zadə və Bakıdakı Rus evinin birgə təşkilatçılığı ilə baş tutub. Konsertdə “Dəcəl qızlar” ansamblı (rəhbər - Azərbaycanın Xalq artisti Cəmilə Bayramova), “Baku Lindy Hoppers”, “Baku Tango Therapy” və “Baila” rəqs məktəbləri, “Gülüstan” rəqs ansamblının solistləri, “Qayğı-sağlam nəsil naminə” İctimai Birliyinin rəhbərliyi altında (rəhbər – Aslanə Əliyeva) Daun Sindromlu Şəxslərin Reabilitasiya Mərkəzinin rəqs qrupu, hind rəqsləri ifaçısı Səidə Əliyeva, rəqqasələr Aylin Bayramova və Esfir Quliyeva, Bakı xoreoqrafiya Akademiyasının tələbəsi Mədinə Səmədova, pianoçu Ləman Qulamova, yazıçı-dramaturq Anara Axundova və başqaları iştirak ediblər.
Konsertdən sonra AZƏRTAC tədbirin ideya müəllifi, xoreoqraf Lenay Seydəli-zadə ilə söhbət edib. O, rəqsin bir sənət növü kimi əhəmiyyəti barədə fikirlərini bölüşüb.
“İlk növbədə, bu konsert mənim üçün müxtəlif rəqs mədəniyyətlərini nümayiş etdirmək və tamaşaçıya rəqsin bir sənət növü kimi nə qədər dərin olduğunu, onun müxtəlif xalqları nə dərəcədə birləşdirə biləcəyini öyrənməyə imkan vermək fürsətidir. Deyirlər ki, sənətin hüdudu yoxdur və əslində, bu, belədir”, - deyə Lenay Seyidəli-zadə vurğulayıb.
Xoreoqrafın sözlərinə görə, belə tədbirlərin keçirilməsi həm də gənc istedadların ictimaiyyətə təqdim olunması baxımından bir fürsətdir.
“Mən vaxtaşırı belə tədbirlər keçirirəm. Bu, gənc ifaçılara - musiqiçilərə, rəqqasələrə, müxtəlif məktəblərə və qruplara səhnədə özlərini ifadə etməyə köməklik göstərmək üçün gözəl imkandır”, - deyə həmsöhbətimiz qeyd edib.
Tədbir böyük uğurla keçib. AZƏRTAC -ın konsertdən sonra söhbət edə bildiyi tamaşaçıların sözlərinə görə, hər nömrə özünəməxsus şəkildə parlaq olub, sənətçilərin ifası peşəkarlığı ilə fərqlənib. Gecənin qonaqlarının fikrincə, konsertin diqqətçəkən cəhəti ondan ibarət idi ki, o, müəyyən janrlar toplusunu təqdim edib, nəticədə, insanlara bayram əhvali-ruhiyyəsi bəxş edən rəngarəng və yaddaqalan proqram təqdim olunub.
Beynəlxalq Rəqs Günü hər il aprelin 29-da qeyd olunur. O, bütün üslub və istiqamətlərə həsr edilib, baletdən tutmuş hip-hopa qədər müxtəlif mədəniyyətlərə və millətlərə mənsub insanları birləşdirir və onlara eyni dildə - rəqs dilində danışmağa imkan verir.