SİYASƏT
ABŞ-DA AZƏRBAYCAN-AMERİKA ŞURASININ MARKASI TƏSDİQ EDİLMİŞDİR
Bakı, 19 yanvar (AZƏRTAC). ABŞ-ın Poçt Xidməti Azərbaycan-Amerika Şurasının (AAŞ) hazırladığı markanı satışa tövsiyə etmişdir.
“Pax Turcica” (“Türk dünyası”) təşəbbüsünün loqotipi əks olunan markanı AAŞ-in Zazzle.com saytındakı İnternet mağazasından almaq olar.
“Pax Turcica” AAŞ və ABŞ-ın Azərbaycan, türk və özbək ictimai təşkilatları qrupunun 2009-cu ildə irəli sürdüyü təşəbbüsdür. Layihənin əsas məqsədi ABŞ-da elmi konfranslar keçirmək, diaspor şəbəkələri yaratmaq və onları möhkəmləndirmək, mədəniyyətlərarası və konfessiyalararası dialoq proqramlarına yardım etmək yolu ilə türk dünyasını tanıtmaqdır.
“Pax Turcica” layihəsi çərçivəsində 2009-cu ilin mayında Kolumbiya Universitetində keçirilən ilk konfrans türk irsinin öyrənilməsinə böyük maraq oyatmış və müasir türk dünyasının əhəmiyyətini üzə çıxarmışdır.
AAŞ ilə ABŞ Əhalinin Siyahıyaalınması Bürosu arasında əməkdaşlıq sayəsində Birləşmiş Ştatlarda əhalinin siyahıyaalınmasına həsr olunmuş marka buraxılacaqdır. Bu tərəfdaşlıq çərçivəsində 2010-cu ilin fevral-mart aylarında AAŞ Azərbaycan və türk təşkilatları ilə birlikdə türkdili icmalar üçün siyahıyaalma məsələlərinə həsr olunmuş seminarlar keçirməyi planlaşdırır.
Sözügedən marka AAŞ-ın ABŞ Poçt Xidməti tərəfindən təsdiq olunmuş ikinci markasıdır. 2009-cu ilin aprelində AAŞ ABŞ Poçt Xidmətinin tarixində ilk dəfə Şuşa şəhərinin 1843-cü il gerbinin təsvir olunduğu və “Shusha, Azerbaijan” sözləri yazılmış marka buraxmışdır. Çox populyar olan bu markanı da AAŞ-ın Zazzle.com saytındakı İnternet mağazasından almaq olar.