REGİONLAR
Abşeronun Aşağı Güzdək qəsəbəsində 320 hektarda zeytun bağı salınır
Xırdalan, 3 fevral, Ətrabə Rzayeva, AZƏRTAC
Abşeron uzun illər zeytun bağları ilə məşhurlaşıb. Kənd Təsərrüfatı Nazirliyinin məlumatına görə, əvvəllər Azərbaycanda zeytun bağlarının ümumi sahəsi 3 min hektar təşkil edib. Bunun 2500 hektarı Zığ, Qala, Hövsan və Bilgəh bağlarında olub, 400-500 hektarı isə Buzovna, Sumqayıt və Kürdəxanı tinglik təsərrüfatının ərazisinə düşüb. Abşerondakı zeytunçuluq sovxozları dağılandan sonra bağların ərazisindən başqa məqsədlər üçün istifadə edilməyə başlanılıb. Nəticədə zeytun bağlarının ərazisi yarıbayarı azalıb.
Artıq bu sahəyə xüsusi diqqət ayrılır. Zeytunçuluğun inkişafı əsas prioritet sahələrdən biri kimi qəbul olunur. Azərbaycan Respublikasında əhalinin ərzaq məhsulları ilə etibarlı təminatına dair Dövlət Proqramında Abşeron yarımadasında və digər regionlarda zeytun bağlarının bərpası və genişləndirilməsinin dəstəklənməsi qeyd edilib. Bunun üçün Kənd Təsərrüfatı və İqtisadiyyat nazirlikləri, yerli icra hakimiyyəti və bələdiyyə orqanlarının qarşısında müvafiq hədəflər qoyulub.
Dövlətimizin başçısı İlham Əliyev zeytunçuluğun inkişaf etdirilməsinin vacibliyindən danışarkən deyib: “Əfsuslar olsun ki, biz özümüzü zeytunla təmin edə bilmirik. Yeni zeytun massivləri, plantasiyaları salınacaq və yığım tam təmin edilməlidir. Bəzi hallarda zeytun ya ağaclarda qalıb çürüyür, ya da yerə tökülüb zay olur. Burada da bütün işlər tənzimlənməlidir. Biz nəinki özümüzü tam təmin etməliyik, hətta böyük ixrac potensialımız da yaradılmalıdır”.
Məlumdur ki, Azərbaycanda zeytunçuluğun inkişafı üçün Abşeron ideal ərazi hesab olunur. Rayonda bu sahəni inkişaf etdirmək üçün həm təcrübə, həm də əlverişli mühit və imkanlar var.
Abşeron Rayon İcra Hakimiyyətindən AZƏRTAC-a verilən məlumata görə, rayonun Aşağı Güzdək bələdiyyəsinin dövlət torpaq fonduna məxsus 320 hektarı zeytun bağlarının salınması məqsədilə “Abşeron Aqro” MMC–yə ayrılıb. Artıq ərazinin 25 hektarı əkinçilik üçün tam yararlı vəziyyətə gətirilib və burada 9 min zeytun tingi əkilib. Ümumiyyətlə, ilin sonunadək əkiləcək tinglərin sayı 120 minə çatdırılacaq.
Mütəxəssislər bildirirlər ki, yeni əkilmiş zeytun ağacları ən azı 3 ildən sonra bar verəcək. Zeytun ağacları hətta ən sərt hava şəraitinə belə dözümlüdür. Ağaclara kifayət qədər su verilsə, həm ilbəil məhsuldarlıq artacaq, həm də meyvələri daha iri olacaq.
Hazırda “Abşeron Aqro” MMC-nin təsərrüfatında suvarma şəbəkəsi yaratmaq məqsədilə açıq su anbarı tikilir. Taxtakörpü–Ceyranbatan kanalından əkin sahəsinə su ötürülməsi üçün nasosxananın layihəsi üzərində iş aparılır. Bu işlər fevral ayının sonunda başa çatmalıdır. Rayonda gələcəkdə emal təsərrüfatının yaradılması da planlaşdırılır.
Qeyd edək ki, zeytun yağı vitaminlər, antioksidantlar və mikroelementlərlə zəngindir. Yağın tərkibində olan A, E, D və K vitaminləri sümük toxumalarını, əzələləri, bağırsaqların divarlarını möhkəmləndirir, orqanizmin qocalma prosesini əngəlləyir. Zeytun yağının tərkibində olan linol, olein, linolen kimi doymamış yağ turşuları piylənmənin, ürək xəstəliklərinin qarşısını alır, həzm prosesinə müsbət təsir göstərir.