DÜNYA
ACEAN sammitinin bəyanatında Çinin Cənub Çin dənizində fəaliyyəti ilə bağlı narahatlıq əksini tapacaq
Tokio, 7 noyabr, AZƏRTAC
Cənub-Şərqi Asiya Dövlətləri Assosiasiyası (ACEAN) ölkələrinin liderləri Çinin Cənub Çin dənizində artan fəaliyyəti ilə əlaqədar öz narahatlıqlarını ifadə edəcəklər.
AZƏRTAC xəbər verir ki, bu barədə ACEAN sammitindən sonra dərc olunacaq bəyanatın layihəsində bildirilir.
ACEAN ölkələri liderlərinin sammiti noyabrın 13-də Sinqapurda başlayacaq. Sammitdən sonra Yaponiya, Çin və regionun digər ölkələrinin iştirakı ilə görüşlərin keçirilməsi də nəzərdə tutulur.
Bəyanat layihəsində deyilir ki, ACEAN Cənub Çin dənizində torpaq sahələrinin tutulması və digər fəaliyyətlə bağlı müəyyən narahatlığı nəzərə alır. Layihədə xüsusi olaraq qeyd edilir ki, bu fəaliyyət regionda inamsızlığı artıraraq, sülh, təhlükəsizlik və sabitlik üçün təhlükə yaradır.
ACEAN ölkələrinin ötən il Filippində keçirilən sammiti zamanı “narahatlıq” sözü sədrin bəyanatında nəzərdə tutulsa da, sammiti qəbul edən ölkənin Pekinlə münasibətləri yaxşılaşdırmaq istəyi nəzərə alınaraq sonradan mətndən çıxarılmışdı.
Vüqar Ağayev
AZƏRTAC-ın xüsusi müxbiri
Tokio