ELM VƏ TƏHSİL
“ADA” Universitetində yeni MBA proqramının təqdimatı olmuşdur
Bakı, 28 yanvar (AZƏRTAC). Yanvarın 28-də “ADA” Universitetinin Biznes İnstitutunda beynəlxalq MBA proqramının açılışı keçirilmişdir.
“ADA” Universitetinin Kommunikasiya Departamentindən AZƏRTAC-a bildirmişlər ki, tədbirdə universitetin rektoru, Xarici İşlər Nazirinin müavini Hafiz Paşayev, tədris işləri üzrə prorektoru, doktor Patrik Kvin giriş nitqi ilə çıxış etmişlər.
“ADA” Universiteti Biznes İnstitutunun dekanı, doktor Nejdet Delener yeni proqramı təqdim etmişdir.
Qeyd edək ki, biznesin idarə edilməsi üzrə magistratura proqramında təhsilin müddəti 18 aydır. İşləyənlər üçün təhsil uyğun qrafikdə aparılacaqdır. Proqramda tələbələrə kadrların, səhiyyənin, texnologiyaların, təchizat şəbəkəsinin idarə olunması üzrə ixtisaslar təklif edilir.
MBA proqramında mühasibatlıq, maliyyə, marketinq, liderlik, iqtisadiyyat və strategiya üzrə fənlər “ADA” Universitetinin yüksək ixtisaslı azərbaycanlı və əcnəbi professorları tərəfindən tədris olunacaqdır. Proqramda iştirak üçün iş təcrübəsi tələb olunmur. Artıq sənədlərin qəbulu başlanmışdır və mayın 1-dək davam edəcəkdir. Maraqlananlar əlavə məlumat üçün suallarını [email protected] elektron ünvanına göndərə bilərlər.
Xatırladaq ki, “ADA” Universitetinin Maastrixt Menecment Məktəbi ilə birgə həyata keçirdiyi Ekzekyutiv MBA proqramı artıq fəaliyyətə başlamışdır. Modullarla tədris olunan bu proqram minimum dördillik iş təcrübəsinə malik peşəkarlar üçün nəzərdə tutulmuşdur. Dərslər həm “ADA” Universitetinin, həm də Maastrixt Menecment Məktəbinin professorları tərəfindən Bakıda və Maastrixdə tədris edilir. Proqramın sonunda məzunlara hər iki universitetin beynəlxalq səviyyədə akkreditə olunmuş diplomu veriləcəkdir.