İDMAN
AFFA İcraiyyə Komitəsinin iclası keçirilib
Robert Prosineçki milli yığmanın baş məşqçisi vəzifəsinə təyin edilib
![AFFA İcraiyyə Komitəsinin iclası keçirilibRobert Prosineçki milli yığmanın baş məşqçisi vəzifəsinə təyin edilib](/files/2014/3/1200x630/14176062745346013228_1200x630.jpg)
Bakı, 3 dekabr, AZƏRTAC
AFFA-nın qərargahında qurumun İcraiyyə Komitəsinin növbəti iclası keçirilib.
AZƏRTAC xəbər verir ki, iclasda Robert Prosineçki futbol üzrə Azərbaycan yığmasının yeni baş məşqçisi vəzifəsinə təsdiq edilib.
Bu barədə İcraiyyə Komitəsinin iclasının yekunlarına dair mətbuat konfransında AFFA-nın prezidenti Rövnəq Abdullayev məlumat verib.
R.Abdullayev bildirib ki, İcraiyyə Komitəsinin bütün üzvləri yekdilliklə R.Prosineçkiyə səs veriblər. O deyib: “Bu, ölçülüb-biçilmiş qərar olub. Əminəm ki, bu təyinat komandaya yeni oyun üslubu aşılayacaq. Axı, yığmamızın baş məşqçisi ilk dəfədir keçmiş forvard olur”.
Rövnəq Abdullayevin sözlərinə görə, R.Prosineçkinin qarşısına yığmamızı “Avro-2020”yə hazırlamaq vəzifəsi qoyulub. Komanda final turnirində oynamalıdır. Bunun üçün kollektiv gəncləşməlidir.
AFFA prezidenti xorvat mütəxəssisin əməkhaqqısı məsələsinə toxunaraq deyib ki, 1.200.000 avro bir il ərzində baş məşqçi və onun köməkçiləri arasında bölüşdürüləcək. Onun iki köməkçisi yerli mütəxəssis olacaq.
R.Abdullayev bildirib ki, gənc futbolçulardan ibarət yığmanın baş məşqçisi barədə də qərar qəbul edilib.
O, “AFFA Məşqçilər Komitəsini hansı məqsədlə yaradıb” barədə suala cavabında qeyd edib ki, Məşqçilər Komitəsi ölkə üzrə bütün məşqçilərin fəaliyyətinə kuratorluq edəcək və hesabat hazırlayacaq. Klublarda çalışan əcnəbi məşqçilərin işlərinin monitorinqi də onun vəzifələrinə daxildir.
AFFA prezidenti “Qurban Qurbanov nə üçün yığmaya cəlb olunmayıb” sualına belə cavab verib: “O, çox ağıllı məşqçidir. Bir vaxtlar onu “Neftçi”yə məhz mən gətirmişəm. Əgər o, yığmanın məşqçisi olsa, qorxuram, biz həm onu, həm də “Qarabağ”ı itirək. O, klubda müvəffəqiyyətlə işləyir. Qoy davam etsin”.
Futbol üzrə Azərbaycan yığmasının yeni baş məşqçisi Robert Prosineçki də təyinatından sonra jurnalistlərin suallarına cavab verib.
O deyib: “Hamınızı salamlayıram. Artıq 10 gündür Bakıdayam. Şəhərdən razıyam. İnsanlar çox qonaqpərvərdir. İdman məsələlərinə gəldikdə isə əlimin altında elə bir material var ki, onunla işləmək olar. Rövnəq Abdullayev deyib ki, Bakıda yaşayacağam. Mən də bunu istəyirəm. Mətbuat üçün həmişə açıq adam olmuşam və dəyişmək fikrində deyiləm”.
Yerli köməkçilərinin adlarını hələlik açıqlamaq istəməyən məşqçi deyib: “Yerli köməkçilərin adlarını çəkməyəcəyəm. Ancaq bunu deyə bilərəm ki, gənclərdən ibarət yığmalara da göz qoyacam. İstəyirəm ki, onlar əsas komanda ilə oxşar oyun üslubunda məşq etsinlər. İstəyirəm ki, müdafiədə oturmayaq, hücuma keçək. Mən dağıtmağı deyil, yaratmağı sevirəm”.
Xorvat mütəxəssis fikrini belə yekunlaşdırıb: “Biz bəlkə də İtaliya ilə Xorvatiyaya qalib gəlmədik, lakin bu illə müqayisədə daha yaxşı oynaya bilərik. Mən nikbinəm və komandanın potensialına inanıram. Ruhdan düşmək olmaz. Dörd məğlubiyyətdən sonra özünü ələ almaq və mart ayında mütləq Malta yığmasına qalib gəlmək lazımdır”.