REGİONLAR
Ağcabədidə xüsusi qayğıya ehtiyacı olan uşaqlar və ailələri üçün bayram süfrəsi təşkil edilib
Ağcabədi, 4 aprel, AZƏRTAC
Gənclər üçün Təhsil Mərkəzinin (GTM) Qarabağ Regional ofisində Ramazan bayramı münasibətilə bayram tədbiri keçirilib.
AZƏRTAC-ın bölgə müxbiri xəbər verir ki, tədbirdən əvvəl mərkəzin bir qrup əməkdaşı və könüllüləri tərəfindən Tərtər rayonu, Talış kəndi istiqamətində gedən döyüşlərdə qəhrəmancasına şəhid olmuş Dilsuz Qarayevin və Qubadlı istiqamətində gedən döyüşlərdə yaralanan qazi Elşən Atakişiyevin ailələri ziyarət olunub. Sonra GTM Qarabağ ofisi nəzdində fəaliyyət göstərən “İnklüziv Təhsil və Uşaq İnkişaf Mərkəzi”nin xidmətlərindən bəhrələnən uşaqlar üçün “Qarabağ Atçılıq Kompleksi”ndə ippoterapiya həyata keçirilib.
Tədbirin sonunda xüsusi qayğıya ehtiyacı olan uşaqlar və ailələri üçün GTM Qarabağ ofisi və Güvən Xeyriyyə və Dostluq Cəmiyyəti tərəfindən bayram süfrəsi təşkil edilib.