REGİONLAR
Ağdam rayonunda düşmən atəşi nəticəsində zərər çəkmiş evlərin bərpasına başlanıb
Ağdam, 27 may, Tahir Ağaməmmədov, AZƏRTAC
Ermənistan silahlı qüvvələrinin aprel ayında artilleriya atəşi nəticəsində Ağdam rayonunda dağılmış mülki əhaliyə məxsus evlərin bərpasına və yenidən tikilməsinə başlanılıb. Bərpa, təmir və tikinti işləri Prezident İlham Əliyevin “Erməni silahlı qüvvələrinin Ağdam və Tərtər rayonlarını intensiv atəşə tutması nəticəsində mülki əhaliyə dəymiş ziyanın aradan qaldırılması ilə bağlı tədbirlər haqqında” 2016-cı il 2 may tarixli Sərəncamına əsasən aparılır.
Ağdam Rayon İcra Hakimiyyətindən AZƏRTAC-a bildiriblər ki, tamamilə dağılmış 8 ev yenidən tikiləcək, qismən dağılmış 15 ev bərpa ediləcək, 27 evdə isə təmir işləri aparılacaq. Artıq Əfətli və Evoğlu kəndlərinin hər birində iki ev, Qaradağlı, Rzalar, Mahrızlı, Üçoğlan kəndlərinin hərəsində bir ev olmaqla, yeni tikiləcək evlərin bünövrəsinin qazılmasına başlanılıb. Bərpa, təmir və tikinti işlərinin iyul ayının sonunadək başa çatdırılması nəzərdə tutulur.
Prezident İlham Əliyevin qoşunların təmas xəttində yerləşən yaşayış məntəqələrinə səfər edərək, sakinlərlə görüşməsi, erməni silahlı qüvvələrinin atəşi nəticəsində mülki əhaliyə dəymiş ziyanın aradan qaldırılması ilə bağlı Sərəncam imzalaması cəbhəyanı kəndlərdə yaşayan insanlar tərəfindən böyük razılıqla qarşılanıb.
Düşmənin artilleriya zərbəsi nəticəsində evi dağılmış Mahrızlı kənd sakini Bakir Hüseynov deyib: “Dövlətimizin başçısı cəbhə bölgəsinə səfəri zamanı bizim evdə oldu. Bildirdi ki, dağılmış evlər tezliklə bərpa olunacaq, yenidən tikiləcək. Budur, artıq yeni evin tikintisi üçün bünövrə qazılır. Qayğımıza qaldığı üçün Prezidentimizə minnətdarıq”.
Rayonun Qaradağlı kənd sakini Sabir Haqverdiyev bildirib ki, evinin dağılmasına baxmayaraq, qətiyyən ruhdan düşməyib: “Ermənilərin atəşi nəticəsində evimiz tamamilə dağıldığından çətinliklərə məruz qaldıq. Ancaq buna baxmayaraq, ümidimizi itirmədik. Bilirdik ki, arxamızda güclü dövlətimiz, qətiyyətli və qayğıkeş Prezidentimiz var. Bu gün dağılmış üçotaqlı evimizin əvəzinə yeni dördotaqlı evin tikintisinə başlanılır. Bunun üçün dövlətimizin başçısına minnətdarlığımı bildirirəm”.
Evoğlu kənd sakini Səbuhi Abdunovun də evi düşmənin atdığı mərminin partlaması nəticəsində tamamilə dağılıb və yanıb. Həyətdəki yardımçı binalara da xeyli ziyan dəyib. Deyir ki, buna baxmayaraq, Ali Baş Komandana arxalandığı, ordumuza güvəndiyi üçün kəndi tərk etməyib.
“Prezidentimizin göstərişi ilə evi dağılmış ailələr üçün yeni evlər tikilir. Bu gün bizim də həyətimizdə yeni dördotaqlı evin bünövrəsi qazılır. Tezliklə ailəmiz yeni mənzildə yaşayacaq. Bütün bunlar dövlətimizin başçısının bizə göstərdiyi diqqət və qayğının təcəssümüdür”, – deyə Səbuhi Abdunov bildirib.