İQTİSADİYYAT
“E-Şikayət” sistemində poçt xidmətləri üzrə şikayətlərin qəbuluna başlanıb
Bakı, 30 aprel, AZƏRTAC
Azərbaycanın telekommunikasiya və poçt xidmətləri üzrə tənzimləyici qurumu İnformasiya Kommunikasiya Texnologiyaları Agentliyi (İKTA) “E-Şikayət” sisteminin imkanlarını genişləndirir.
Rəqəmsal İnkişaf və Nəqliyyat Nazirliyindən AZƏRTAC-a bildirilib ki, artıq vətəndaşlar adıçəkilən sistem üzərindən xidmətindən narazı qaldıqları poçt (karqo) rabitəsi operatorlarından tənzimləyici quruma şikayət edə biləcəklər. Bunun üçün istifadəçilər əvvəlki qaydada müvafiq link vasitəsilə “E-Şikayət” sisteminə daxil ola bilərlər. İstifadəçilər “İdentifikasiya nömrəsi ilə” bölməsinə daxil olduqdan sonra avtomatik olaraq “Abunəçi” səhifəsinə yönləndirilirlər. Daha sonra isə vətəndaş üçün avtomatik yaradılmış “Abunəçi kabineti”ndən müraciət və ya şikayəti tənzimləyici qurum olan İKTA-ya ünvanlamaq imkanı əldə edilir.
Qeyd edək ki, hazırda həm də “E-Şikayət” sistemi vasitəsilə internet, telefon rabitəsi, mobil internet və mobil telefon kimi telekommunikasiya xidmətləri üzrə də müraciətlərin qəbulu həyata keçirilir.
“E-Şikayət” sistemindən istifadə ilə bağlı ətraflı məlumatı vizual təlimata nəzər yetirməklə əldə etmək olar. Vətəndaşlar, həmçinin sürətli poçt rabitəsi xidməti göstərən lisenziyalı poçt rabitəsi operatorlarının interaktiv siyahısı ilə İKTA-nın rəsmi saytında tanış ola bilərlər.
Adıçəkilən sistemdə vətəndaşlarla yanaşı, poçt rabitəsi operatorlarının da müvafiq səhifəyə daxil olması üçün imkan yaradılıb. Belə ki, lisenziyalı poçt rabitəsi operatorlarının sistemin idarə olunması üzrə təlimatlandırılmış əməkdaşı müraciət və ya şikayətlə tanış olmaq və onu icra etmək üçün qeyd olunan linkə keçid edərək “ASAN İmza” və ya “SİMA Token” (Elektron İmza) giriş üsullarından birini seçib şirkətin rəsmi səhifəsinə daxil ola biləcək.
Xatırladaq ki, 2023-cü ilin noyabrında yaradılan “E-Şikayət” sistemi üzrə indiyə qədər 600-dən artıq müraciət daxil olub və onların böyük əksəriyyəti müsbət həllini tapıb.