REGİONLAR
Ağdaşda ailə-fermer təsərrüfatı çəltik sahəsini genişləndirməyi planlaşdırır
Ağdaş, 27 oktyabr, AZƏRTAC
Ağdaş rayonunda Əli Musayevin ailə-fermer təsərrüfatı cari mövsümdə 16 hektar sahədə çəltik yetişdirib. Artıq təsərrüfatda biçin başa çatıb, sahələrdən 52,8 ton məhsul götürülüb. Hər hektardan məhsuldarlıq 33 sentner olub ki, bu da ailə üçün yaxşı göstərici sayılır.
“Hazırda bazarlarda keyfiyyəti və dadı ilə seçilən yerli düyüyə tələbat heç də az deyil. Hələlik qiymət hər kiloqram üçün 1,5-2 manatdır. Qiymətlərin artacağı gözlənilir. Ailəmizin büdcəsi əsasən bu gəlirdən formalaşır, - deyə Əli Musayev AZƏRTAC-ın bölgə müxbiri ilə söhbətində bildirib.
Əli Musayev yaxşı gəlir gətirdiyi üçün gələn il əkin sahəsini genişləndirməyi planlaşdırır.
Qeyd edək ki, çəltikçilık Ağdaşda ənənəvi təsərrüfat sahəsidir. Təkcə cari ildə bölgədə 116 istehsalçı tərəfindən 652,5 hektar sahədə çəltik yetişdirilib. Bölgədə əsasən “Ağ mirvari”, “Qırmızı mirvari”, “Çappa”, “Ağ qılçıqlı” düyü sortları yetişdirilir.