SİYASƏT
AĞDAŞDA DAİRƏ VƏ MƏNTƏQƏ SEÇKİ KOMİSSİYALARININ NÜMAYƏNDƏLƏRİ MAARİFLƏNDİRİLİR
Ağdaş, 24 sentyabr (AZƏRTAC). Prezident İlham Əliyevin “Azərbaycan Respublikasında insan hüquqlarının müdafiəsi üzrə Milli Fəaliyyət Planının təsdiq edilməsi haqqında” Sərəncamına uyğun olaraq 90 saylı Ağdaş seçki dairəsinin əhatə etdiyi dairə seçki komissiyasının üzvləri və məntəqə seçki komissiyalarının sədrləri üçün seçki hüququ üzrə ixtisaslaşdırılmış kurslar keçirilir.
Kursların ilk iki günündə Mərkəzi Seçki Komissiyasının (MSK) məsul işçisi Samir Tağıyev “Bələdiyyə seçkilərinə hazırlıq, seçkilərin keçirilməsi və onun nəticələrinin müəyyən edilməsi”, “Vətəndaşların seçki hüquqlarının pozulmasına görə şikayətlərə baxılması”, rayon prokuroru Munis Abuzərli “Seçki hüquqlarının pozulmasına görə məsuliyyət”, rayon icra hakimiyyətinin şöbə müdiri Azər Mehdiyev “Seçici siyahılarının dəqiqləşdirilməsində yerli icra hakimiyyəti və bələdiyyə qurumlarının üzərinə düşən vəzifələr”, rayon məhkəməsinin sədri Mübariz Məmmədov “Azərbaycan Respublikasının Konstitusiyası ilə verilən seçki hüquqları. Seçki Məcəlləsi haqqında əsas anlayış və prinsiplər, seçki hüququnun məhkəmə müdafiəsi” mövzularında məruzələr etmişlər.
90 saylı Ağdaş seçki dairəsi dairə seçki komissiyasının sədri Nürəddin Nəsibov çıxışında seçkilərlə bağlı dairə və məntəqə seçki komissiyalarının vəzifələri, onların fəaliyyətinin qarşılıqlı təşkili barədə seminar iştirakçılarına məlumat vermiş, sualları cavablandırmışdır.