REGİONLAR
Ağstafada bayram tonqalı qalanıb
Ağstafa, 18 mart, Elcan Məmmədov, AZƏRTAC
Xalqımızın milli-mənəvi irsini təcəssüm etdirən Novruz bayramı münasibətilə Ağstafada ümumrayon tədbiri keçirilib.
Rayon icra hakimiyyətindən AZƏRTAC-ın bölgə müxbirinə verilən məlumata görə, tədbir iştirakçıları əvvəlcə xalqımızın ümummilli lideri Heydər Əliyevin abidəsini ziyarət edib, önünə tər gül dəstələri düzüblər.
Ağstafa şəhər Heydər Əliyev adına mədəniyyət və istirahət parkında keçirilən tədbirdə rayon icra hakimiyyətinin başçısı Seymur Orucov, rayonun hüquq-mühafizə orqanlarının rəhbərləri, şəhid ailələrinin üzvləri, qazilər və ictimaiyyət nümayəndələri iştirak ediblər.
Tədbir iştirakçıları ağstafalı yeniyetmə və gənclərin əl işlərindən ibarət sərgilərə, Novruzun rəmzləri olan Kosa və Keçəlin, Bahar qızın iştirakı ilə, eləcə də uşaqların təqdimatında xalqımızın qədim milli ənənələrinə həsr olunmuş şeir və mahnılardan ibarət kompozisiyalara, folklor kollektivlərinin nümunəvi çıxışlarına baxıblar. Qol güləşçiləri və pəhləvanların nümunəvi çıxışları da böyük marağa səbəb olub.
Bayram tədbiri yerli mədəniyyət və incəsənət nümayəndələrinin təqdim etdikləri geniş konsert proqramı ilə davam etdirilib.
Sonda bayram tonqalı alovlandırılıb.