REGİONLAR
Ağstafada tikilən xalça toxuculuğu müəssisəsində 120 nəfər işlə təmin olunacaq
Ağstafa, 21 sentyabr, Famil Quliyev, AZƏRTAC
Prezident İlham Əliyevin tapşırığına uyğun olaraq Ağstafa rayonunda ənənəvi istehsal və emal sahələrinin bərpası istiqamətində işlər uğurla davam etdirilir. Belə ki, Ağstafada qədim xalçaçılıq ənənələrinin olması nəzərə alınaraq, “Azərxalça” ASC-nin Ağstafa filialının tikintisinə başlanıb.
Rayon icra hakimiyyətindən AZƏRTAC-a bildiriblər ki, müəssisənin tikintisi üçün Hüseyn Arif küçəsində 0,38 hektar torpaq sahəsi ayrılıb. Layihə üzrə bir mərtəbəli və sahəsi 1246 kvadratmetr olan binanın inşaat işlərində son tamamlama işləri aparılır. Burada 465,60 kvadratmetr sahə toxuculuq zalı üçün nəzərdə tutulub. Müəssisənin ərazisində də quruculuq-abadlıq işləri aparılır. Belə ki, binanın ətrafı dekorativ hasara alınıb, dekorativ yaşıllıq sahələri salınıb. Toxuculuq müəssisəsini ixtisaslı işçilərlə təmin etmək məqsədi ilə Heydər Əliyev Mərkəzində xalçaçılıq dərnəyi yaradılıb. Müəssisə fəaliyyətə başladıqdan sonra burada 120 nəfər daimi işlə təmin olunacaq.