CƏMİYYƏT
Ailə sağlam cəmiyyətin və güclü dövlətin təməlidir
Bakı, 8 noyabr (AZƏRTAC). Ailə, Qadın və Uşaq Problemləri üzrə Dövlət Komitəsi (AQUPDK), Qaradağ Rayon İcra Hakimiyyəti, Ədliyyə və Səhiyyə nazirlikləri noyabrın 8-də Qaradağ rayonunda “Sağlam ailə sağlam gələcəyin təminatıdır” aksiyası çərçivəsində tədbir keçirmişlər.
AZƏRTAC xəbər verir ki, tanınmış ekspertlərin iştirakı ilə keçirilən tədbirdə milli dəyərlər, ailə mədəniyyəti, nəsillərarası münasibətlərin qorunması, nikaha daxil olan şəxslərin tibbi müayinəsi, hüquqi maarifləndirmə, nikah müqaviləsi və digər məsələlər barədə danışılmış, mövzu ilə bağlı müzakirələr aparılmışdır.
Qaradağ Rayon İcra Hakimiyyəti başçısının müavini Zəfər Əliyev tədbirin əhəmiyyətindən danışaraq bildirmişdir ki, ailə sağlam cəmiyyətin və güclü dövlətin təməlini təşkil edir.
AQUPDK sədrinin müavini Aynur Sofiyeva məruzə edərək Komitənin ailələrin qorunub saxlanılması istiqamətində gördüyü işlərdən danışmış və ölkədə ailə siyasətinin prioritet olduğunu bir daha vurğulamışdır.
Qeyd olunmuşdur ki, son vaxtlar bəzi mətbuat orqanlarında boşanma hallarının artması haqqında materiallar dərc edilir ki, bunlar da həqiqəti əks etdirmir. Məsələnin mahiyyəti ondan ibarətdir ki, ölkədə bağlanan nikahların sayına görə boşanma halları 10-11 faiz təşkil edir. Geniş yayılmış erkən nikah problemi mənfi hal kimi dəyərləndirilmiş, erkən nikahın fəsadlarından və belə ailələrdə doğulan uşaqların sağlam olmaması nəzərə çatdırılmışdır.
Ədliyyə Nazirliyinin vətəndaşlıq vəziyyəti aktlarının reyestr xidmətinin rəisi Reyhanə Kərimova gənclərin hüquqi maarifləndirilməsinin, ailə həyatı qurarkən nikah müqaviləsinin əhəmiyyətinin vacibliyini vurğulamışdır. Gəncləri ailə qurarkən könüllü sürətdə nikah müqaviləsi bağlamağa dəvət etmişdir.
Səhiyyə Nazirliyi Elmi-Tədqiqat Mamalıq və Ginekologiya İnstitutunun elmi katibi Leyla Məmmədova reproduktiv sağlamlıq, nikahdan əvvəl tibbi müayinə, qan qohumluğu kimi aktual mövzulara toxunaraq gəncləri maraqlandıran suallara cavab vermişdir.