SİYASƏT
“AİLƏDAXİLİ MÜNASİBƏTLƏRDƏ UŞAQ HÜQUQLARI” MÖVZUSUNDA “DƏYİRMİ MASA” KEÇİRİLMİŞDİR
Bakı, 25 sentyabr (AZƏRTAC). Sentyabrın 25-də Ailə, Qadın və Uşaq Problemləri üzrə Dövlət Komitəsi “Ailədaxili münasibətlərdə uşaq hüquqları” mövzusunda “dəyirmi masa” keçirmişdir.
Komitənin sədri Hicran Hüseynova ailə siyasətinin əsas prinsipləri barədə danışmış, ailədaxili münasibətlərdə uşaq hüquqlarının qorunmasının vacibliyini vurğulamışdır. H.Hüseynova demişdir ki, ailə Azərbaycan milli mentalitetində mühüm yer tutsa da, ailədaxili münaqişələr nəticəsində uşaq hüquqlarının kobud şəkildə pozulması halları hələ də mövcuddur. Ölkədə bu istiqamətdə ardıcıl işlər aparılmış, “Məişət zorakılığının qarşısının alınması haqqında” qanun layihəsi hazırlanmışdır. Nazirlər Kabineti tərəfindən “Demokratik cəmiyyətdə gündəlik zorakılıqla mübarizə üzrə Respublika Kompleks Proqramı” təsdiq edilmişdir.
YUNİCEF-in ölkəmizdəki nümayəndəliyinin rəhbəri Mark Hervord Azərbaycanda uşaq hüquqları sahəsində görülən işləri yüksək qiymətləndirmişdir.
Milli Məclisin sosial siyasət komitəsinin sədri Hadi Rəcəbli uşaq hüquqlarının qorunması sahəsində qanunvericilik bazasının təkmilləşdirildiyini bildirmişdir.
Təhsil nazirinin müavini İradə Hüseynova ailədaxili münasibətlərin uşaqların təhsilində mühüm rol oynadığını qeyd etmişdir.
Daxili İşlər Nazirliyinin şöbə müdiri Kamal İmamverdiyev bildirmişdir ki, hesablamalara görə, ölkəmizdə 47 min əlil və 200-ə yaxın sahibsiz uşaq vardır. Bu göstərici ötən illə müqayisədə azalmışdır.
Tədbirdə “Məhkum yeniyetmələrin islahı və ictimai həyata inteqrasiyası”, “Ailə üzvləri tərəfindən uşaqların istismarı və bu hallara qarşı mübarizə”, “Risk qrupunda olan uşaqların vəziyyəti” və s. mövzularda çıxışlar dinlənilmiş, müzakirələr aparılmışdır.