Nazir müavini: Ölkədə Eldar şamı və zeytun ağaclarında xəstəliklərin miqyasının genişlənməsi müşahidə edilir
Bakı, 21 may, AZƏRTAC
İqlim dəyişmələrinin təsirlərinin artması, son dövrlərdə havaların isti və quraq keçməsi, qışın şaxtasız günlərinin çoxluğu həm zərərverici həşəratların çoxalması, həm də ağacların zəifləməsi ilə nəticələnir. Hazırda ölkə ərazisində bir sıra bitki növlərinin, o cümlədən Eldar şamı və zeytun ağaclarında xəstəliklərin yaranması və miqyasının genişlənməsi müşahidə edilir ki, bu da öz növbəsində bitki sağlamlığı istiqamətində görülən tədbirlərin zərurətini artırır.
AZƏRTAC xəbər verir ki, bunu ekologiya və təbii sərvətlər nazirinin müavini Rauf Hacıyev “Yaşıl dünya naminə bitki sağlamlığı” Forumunda çıxışı zamanı deyib.
“Biomüxtəlifliyin mühafizəsi, o cümlədən fitosanitar sabitliyin təmin edilməsi istiqamətində Azərbaycan Qida Təhlükəsizliyi Agentliyi və Kənd Təsərrüfatı Nazirliyi, habelə beynəlxalq tərəfdaşlarla birlikdə müvafiq tədbirlər həyata keçirilir. Bu istiqamətdə yaradılmış mobil qruplar tərəfindən dövlət meşə fondu torpaqlarında və xüsusi mühafizə olunan təbiət ərazilərində yayılmış və yayılması ehtimal edilən ziyanverici və xəstəliklərə qarşı davamlı tədbirlər görülür, müayinə və müşahidə işləri aparılır”, - deyə R.Hacıyev qeyd edib.