REGİONLAR
Akademik Zərifə Əliyeva təkcə elmi fəaliyyəti ilə deyil, ictimai-siyasi həyatdakı fəal mövqeyi ilə də seçilib
Ucar, 26 aprel, AZƏRTAC
Aprelin 26-da Ucarda görkəmli oftalmoloq-alim, akademik Zərifə xanım Əliyevanın anadan olmasının 96-cı ildönümünə həsr olunan anım mərasimi keçirilib.
AZƏRTAC-ın bölgə müxbiri xəbər verir ki, tədbir iştirakçıları əvvəlcə akademik Zərifə Əliyeva adına Qazıqumlaq kənd xəstəxanasının həyətində dünya şöhrətli oftalmoloq-alimin büstü önünə gül-çiçək dəstələri qoyublar.
Anım mərasimində çıxışlarda qeyd edilib ki, hər bir xalqın tarixində, elmində mühüm rol oynayan şəxsiyyətlər vardır. İllər keçdikcə onlar nəinki unudulmur, daha böyük hörmət və ehtiramla yad olunur, həyatı, yaradıcılığı və elmi irsi müasir insanlar tərəfindən diqqətlə öyrənilir və tətbiq edilir. Belə şəxsiyyətlərdən biri də Azərbaycanın tibb elmində və ictimai-siyasi həyatında önəmli yeri olan akademik Zərifə xanım Əliyevadır. Görkəmli oftalmoloq-alim təkcə elmi fəaliyyəti ilə deyil, ictimai-siyasi həyatdakı fəal mövqeyi, eləcə də qayğıkeş insan, layiqli həyat yoldaşı və əsl azərbaycanlı ana kimi də hörmətlə yad edilir.
Vurğulanıb ki, gözdə traxoma xəstəliyinin müalicəsinə, oftalmologiyanın müasir problemlərinə dair bir çox tədqiqatları ilə tanınan akademik 12 monoqrafiya, dərslik və dərs vəsaitlərinin, 150-yə yaxın elmi işin, 1 ixtira və 12 səmərələşdirici təklifin müəllifidir.
Qeyd olunub ki, Zərifə xanım Əliyeva görkəmli ictimai-siyasi xadim Əziz Əliyevin ailəsində dünyaya göz açıb və ulu öndər, ümummilli lider Heydər Əliyevin ömür-gün yoldaşı kimi həyatın çətin, keşməkeşli, həm də şərəfli yollarında onunla birgə addımlayıb, Azərbaycan dövlətinin lideri və Prezidenti İlham Əliyev kimi övlad böyüdüb. İnsanlara nur bəxş etmək missiyası, qayğıkeşliyi, nəcibliyi ilə könüllərdə özünə əbədi yer qazanan Zərifə xanım Əliyeva tibb sahəsində əldə etdiyi uğurlarla, fərdi keyfiyyətləri ilə ailəsinin və Vətəninin adını daim ucaldıb.