İQTİSADİYYAT
“Akkord” şirkəti Ziya Bünyadov prospektində yol qovşağının tikintisi işlərini başa çatdırır
Bakı, 24 iyun (AZƏRTAC). Son illərdə respublikamızın paytaxtında və regionlarda çoxsaylı yol ötürücüləri, körpülər, tunellər, yeraltı və yerüstü piyada keçidləri inşa olunur, beynəlxalq standartlar səviyyəsində avtomobil yolları salınır. Bütün bu işlər “Azərbaycanda avtomobil yolları şəbəkəsinin yenilənməsinə və inkişafına dair 2006-2015-ci illər üzrə Dövlət Proqramı”na uyğun olaraq görülür.
Prezident İlham Əliyevin sərəncamı ilə Bakı şəhərində də nəqliyyatın hərəkətinin tənzimlənməsi və yol infrastrukturunun təkmilləşdirilməsi layihələri üzrə işlərin icrası davam etdirilir.
Həmin layihələrdən biri də Ziya Bünyadov prospekti ilə Böyükşor küçəsinin kəsişməsində inşa edilən tunel tipli yol qovşağıdır. Sifarişçisi Nəqliyyat Nazirliyinin “Azəryolservis” ASC olan layihənin podratçısı “Akkord Sənaye Tikinti İnvestisiya Korporasiyası” ASC-dir. Şirkətdən AZƏRTAC-a verilən məlumata görə, “Texnokörpü” şirkəti (hazırkı “Hidronəqliyyatlayihə” MMC) tərəfindən layihələndirilən qovşağın tikintisinə 2011-ci ilin mart ayında başlanmış və qapalı hissədə işlər artıq yekunlaşdırılmışdır.
İyul ayında istifadəyə verilməsi planlaşdırılan tunel tipli yol qovşağında hazırda 1600 metr uzunluğu olan yan yollarda asfalt örtüyünün salınması, tuneldaxili və yan yollarda işıq dirəklərinin quraşdırılması, tunelin bağlı hissəsi üzərində layihələndirilmiş dairənin tikintisi, “Baksol yolu” istiqamətindəki 140 metr məsafədə isə yolun layihəyə əsasən yenidən qurulması işləri aparılır.
Qovşağın ümumi uzunluğu 610 metr, örtülü hissəsinin uzunluğu 140 metr, hündürlüyü 5,5 metr, hərəkət hissəsinin eni 23,5 metr, ayırıcı zolağın eni 2 metr, hərəkət zolaqlarının sayı isə
6-dır. Bu göstəricilər nəqliyyatın intensiv hərəkətinə əlavə imkanlar yaradacaqdır.
Tunel beynəlxalq standartlara uyğun layihələndirilmiş və 9 ballıq zəlzələyə davamlılığı nəzərdə tutulmuşdur.