İQTİSADİYYAT
Albaniyanın energetika nazirinin başçılıq etdiyi nümayəndə heyəti Dövlət Neft Şirkətində olmuşdur
Bakı, 3 iyun (AZƏRTAC). İyunun 3-də Azərbaycan Respublikası Dövlət Neft Şirkətində (ARDNŞ) Albaniyanın energetika naziri Damyan Qyiknurinin başçılıq etdiyi nümayəndə heyəti ilə görüş keçirilmişdir.
ARDNŞ-in mətbuat xidmətindən AZƏRTAC-a bildirmişlər ki, şirkətin prezidenti Rövnəq Abdullayev Albaniyanın energetika nazirinin 21-ci “Xəzər Neft, Qaz, Neftayırma və Neft Kimyası” sərgi-konfransında iştirak etməsini Azərbaycan-Albaniya münasibətlərinin təzahürü kimi qiymətləndirmişdir.
Azərbaycanın qədim neft diyarı olduğunu, sənaye üsulu ilə ilk neft quyusunun Bakıda qazıldığını vurğulayan R.Abdullayev hazırda ölkəmizin təşəbbüsü və yaxından iştirakı ilə həyata keçirilən qlobal və regional əhəmiyyətli layihələr haqqında qonağa məlumat vermişdir.
Bakıda gördüyü böyük qonaqpərvərliyə görə təşəkkürünü bildirən Albaniyanın energetika naziri Damyan Qyiknuri qeyd etmişdir ki, ortaq dəyərlərimiz bu gün və gələcəkdə əməkdaşlıq üçün gözəl bir platforma yaradır. O, Xəzər hövzəsində və Yaxın Şərq regionunda hasil olunan təbii qazın Avropaya nəqli üçün başladılan Cənub Qaz Dəhlizi layihəsinin qitənin enerji təhlükəsizliyində mühüm rol oynayacağına əminliyini bildirmiş, bu layihənin bir hissəsi olan Trans-Adriatik Boru Kəmərinin Albaniya ərazisindən də keçəcəyini vurğulamışdır.
Sonra ARDNŞ-in prezidenti R.Abdullayev şirkətin Azərbaycanda, həmçinin Türkiyə və Gürcüstanda həyata keçirdiyi genişmiqyaslı investisiya layihələri haqqında ətraflı məlumat vermiş, müxtəlif sahələrdə əməkdaşlıq üçün geniş perspektivlərin olduğunu, Azərbaycanda əlverişli investisiya mühitinin yaradıldığını söyləmişdir.
Görüşdə tərəfləri maraqlandıran digər məsələlər ətrafında da fikir mübadiləsi aparılmışdır.