MƏDƏNİYYƏT
Alen Tremolieres: “Azərbaycan şəhərciyi”nin təşkili çox önəmli addımdır
Paris, 22 sentyabr, AZƏRTAC
Parisdə təşkil olunmuş “Azərbaycan şəhərciyi”nin ziyarətçisi, fransız komediyaçısı Alen Tremolieres təəssüratlarını AZƏRTAC-ın xüsusi müxbiri ilə bölüşüb. Fransız komediyaçısı şəhərciyin təşkilinin əhəmiyyətindən danışaraq deyib: “Mən Azərbaycan şəhərciyi”nin rəsmi açılışının aparıcısı olmaq şərəfinə nail oldum. Ancaq bu gün “Azərbaycan şəhərciyi”ni ziyarət etmək üçün gəlmişəm, çünki Azərbaycan mədəniyyətinin böyük həvəskarıyam. Azərbaycana ilk səfərimdən onun mədəniyyətini çox sevdim. Paytaxt Bakı şəhərinə heyran oldum”.
Alen Tremolieres bildirib ki, “Azərbaycan şəhərciyi”nin təşkili çox önəmli addımdır. Mən ölkənizin tarixi ilə bağlı yeni məlumatlar əldə etdim. Hətta mən İkinci Dünya müharibəsi zamanı Fransa Müqavimət Hərəkatında azərbaycanlının iştirak etdiyini bilmirdim. Mən onunla şəhərciyin sayəsində, burada təşkil olunmuş “Partizanın izi ilə” sərgisində tanış oldum. Sərgidə azərbaycanlı partizanın həyat və döyüş yolunu əks etdirən eksponatlar çox maraqlıdır. Ümumiyyətlə, şəhərcik yüksək səviyyədə təşkil olunub, burada əsl isti Azərbaycan mühiti var. Azərbaycanın tarixi, mədəniyyəti, sənətkarlığı, mətbəx mədəniyyəti yüksək səviyyədə təqdim olunur.
“Bu gün fransız ziyarətçisi kimi bu gözəllik, bu zənginlik məni çox cəlb edir. Burada daha çox zəngin tarixi, mədəni irsin təqdimatı insanların zövqünü oxşayır. Çox gözəl Azərbaycan mühiti var. Azərbaycanda tarixlə müasirliyin harmoniyası məni valeh edir.
Şəhla Ağalarova
AZƏRTAC-ın xüsusi müxbiri
Paris