MƏDƏNİYYƏT
Alı Mustafayevə həsr olunmuş videoslayd hazırlanıb
Bakı, 14 aprel, AZƏRTAC
Bakı Şəhər Mədəniyyət Baş İdarəsi Xətai rayon Mərkəzləşdirilmiş Kitabxana Sisteminin Mərkəzi Kitabxanası Azərbaycanın Milli Qəhrəmanı, telejurnalist, publisist, şair Alı Mustafayevin anadan olmasının 70 illiyi ilə bağlı videoslayd hazırlayıb.
Baş İdarədən AZƏRTAC-a bildirilib ki, videoçarxda Alı Mustafayevin ömür yoluna və yaradıcılığına geniş nəzər salınıb.
Alı Mustafayev 1952-ci il aprelin 14-də Qazax rayonunun Qazaxbəyli kəndində anadan olub. 1969-cu ildə Daş Salahlı kənd orta məktəbini bitirib. 1971-ci ildə həqiqi hərbi xidmətə çağırılıb. 1973-cü ildə hərbi xidmətini başa vurub, Bakı Elektrik Maşınqayırma zavodunda əmək fəaliyyətinə başlayıb.1981-ci ildə Azərbaycan Dövlət Universitetinin Jurnalistika fakültəsini bitirib.
O, Azərbaycan Dövlət Televiziya və Radio Verilişləri Komitəsində ədəbi-bədii yaradıcılığa tələbəlik illərindən başlayıb. Onun lirik şeirləri və publisist yazıları dövri mətbuatda müntəzəm çap edilib. Dolğun məzmunlu reportaj, oçerk və müsahibələrinə, ekrana çıxardığı təsirli verilişlərinə görə bacarıqlı, operativ telejurnalist kimi tanınıb. Alı Mustafayev “Günün ekranı” proqramının aparıcı əməkdaşlarından biri olub. O, 1990-cı il yanvarın 20-də Bakının dar küçələrində insanların sovet ordusu tərəfindən hədəfə alınmasını lentə köçürüb.
Alı Mustafayev Ermənistan hərbi birləşmələrinin Azərbaycana hücumu dövründə Dağlıq Qarabağdan - qaynar nöqtələrdən, eləcə də yüksək dövlət səviyyəli rəsmi görüşlərdən hazırladığı müsahibə və reportajlarla rəğbət qazanıb. O, 1989-1990-cı illərdə Moskva şəhərində Azərbaycan Respublikası Ali Məclisi tərəfindən parlament müxbiri olub.
1991-ci ilin 18-19 noyabrında erməni quldurları Xocavəndin Qaradağlı kəndində kütləvi qırğın törədəndə bu xəbəri eşidən Alı Mustafayev bütün gecəni yata bilməyib. Azərbaycan Televiziyasına gələrək Ağdama yola düşən qrupa rəhbərliyi öz üzərinə götürüb. Yoldaşlarının səhhətindəki problemləri təkidlə xatırlatması onu bu ağır səfərdən çəkindirə bilməyib. Noyabrın 20-də Ağdamdan Azərbaycanın dövlət və hökumət rəsmilərini, yüksək rütbəli hərbçiləri Qaradağlıya aparan hərbi vertolyota Alı Mustafayevin reportyor qrupu son anda özünü yetirib.
O, 1991-ci il noyabrın 20-də Xocavənd rayonunun Qarakənd kəndinin yaxınlığında, Ağdam rayonunun Mərzili kəndi ərazisində erməni dəstələri tərəfindən vurulan Azərbaycan hərbi helikopter hadisəsində həlak olub. Şəhidlər xiyabanında dəfn edilib. Bakı şəhər Nərimanov rayonundakı 202 nömrəli orta məktəb və küçə Alı Mustafayevin adını daşıyır.