ELM VƏ TƏHSİL
Ali təhsil müəssisələrinə daxil olmuş tələbələrə Prezident təqaüdünün verilməsi haqqında Azərbaycan Respublikası Prezidenti İlham Əliyev tərəfindən Sərəncam imzalamışdır
Bakı, 13 sentyabr (AZƏRTAC). 2013/2014-cü tədris ilində Azərbaycan Respublikasının ali təhsil müəssisələrinə daxil olmuş tələbələrə Prezident təqaüdünün verilməsi haqqında Azərbaycan Respublikası Prezidenti İlham Əliyev tərəfindən Sərəncam imzalanmışdır.
Sərəncama əsasən, 2013/2014-cü tədris ilində tələbə qəbulu imtahanlarında ən yüksək nəticə göstərmiş 100 nəfərə, eləcə də Naxçıvan Muxtar Respublikasından imtahanlarda yüksək nəticə göstərmiş əlavə 2 nəfərə - ümumilikdə 102 tələbəyə Prezident təqaüdü veriləcəkdir.
Tələbə Qəbulu üzrə Dövlət Komissiyasından AZƏRTAC-a bildirmişlər ki, birinci ixtisas qrupunda 679 və daha yüksək nəticə göstərmiş tələbələr, ikinci ixtisas qrupunda 665 və daha yüksək nəticə göstərmiş tələbələr, üçüncü ixtisas qrupunda 686 və daha yüksək nəticə göstərmiş tələbələr, dördüncü ixtisas qrupunda 680 və daha yüksək nəticə göstərmiş tələbələr Prezident təqaüdünə layiq görülmüşlər.
Naxçıvan Muxtar Respublikasından isə birinci ixtisas qrupu üzrə qəbul imtahanında 677 bal toplamış 1 oğlan və üçüncü ixtisas qrupunda 686 bal toplamış 1 qız Prezident təqaüdünə layiq görülmüşdür.
Ümumilikdə Prezident təqaüdü alacaq tələbələrdən 55 nəfəri qız, 47 nəfəri isə oğlandır.
Prezident təqaüdçülərindən 27 nəfər Azərbaycan Respublikasının Prezidenti yanında Dövlət İdarəçilik Akademiyasına, 26 nəfər Azərbaycan Tibb Universitetinə, 19 nəfər Qafqaz Universitetinə, 15 nəfər Bakı Ali Neft Məktəbinə, 6 nəfər Azərbaycan Diplomatik Akademiyasına, 4 nəfər Bakı Dövlət Universitetinə, 2 nəfər İnformasiya Texnologiyaları Universitetinə, 1 nəfər Azərbaycan Dillər Universitetinə, 1 nəfər Azərbaycan Dövlət İqtisad Universitetinə, 1 nəfər Naxçıvan Dövlət Universitetinə daxil olmuşdur.