ELM VƏ TƏHSİL
Ali təhsil müəssisələrinə yerləşdirmənin nəticələri açıqlanmışdır
Bakı, 19 avqust (AZƏRTAC). Tələbə Qəbulu üzrə Dövlət Komissiyası (TQDK) tərəfindən 2013/2014-cü tədris ili üçün Azərbaycan Respublikasının ali təhsil müəssisələrinə yerləşdirmənin nəticələri elan olunmuşdur.
Tələbə Qəbulu üzrə Dövlət Komissiyasından AZƏRTAC-a bildirmişlər ki, abituriyentlər yerləşdirmənin nəticələri barədə məlumatı TQDK-nın internet saytından, həmçinin mobil telefonla da öyrənə biləcəklər. Bunun üçün abituriyentlərin iş nömrələrini (bütün mobil operatorlardan) 7727 nömrəsinə göndərmələri kifayətdir.
Əyani və qiyabi təhsil forması olan ixtisaslara qəbul olunmuş abituriyentlər təhsilalma formasını qəbul olduğu təhsil müəssisəsində qeydiyyatdan keçərkən seçəcəklər.
Cari ildə ayrılmış 36 min 537 plan yerinə 33 min 745 gənc qəbul olunmuşdur.
İxtisas qrupları və bölmələr üzrə qəbul planı və qəbul olunmuş abituriyentlərin sayı haqqında məlumat TQDK-nın saytında təqdim edilmişdir.