DÜNYA
Almaniya Kansleri və Fransa Prezidenti Avropa İttifaqının sammiti ərəfəsində mövqelərini bölüşmüşlər
Bakı, 19 dekabr (AZƏRTAC). Fransa və Almaniya liderləri Avropa İttifaqının (Aİ) dekabrın 19-da keçiriləcək sammiti ərəfəsində mövqelərini bölüşmüşlər.
AZƏRTAC “Euronews” telekanalına istinadla xəbər verir ki, Angela Merkel Bundestaqa keçirilən seçkilərdən və Almaniya hökumətinin başçısı təsdiq olunduqdan sonra ilk səfərini Parisə etmişdir. Fransa prezidenti Fransua Olland görüş zamanı demişdir: “Avropanın taleyinə görə bizim üzərimizə xüsusi məsuliyyət düşür. Avropa İttifaqının dekabr sammitinin gedişində biz mübahisəli məsələləri, hər şeydən əvvəl bank ittifaqı məsələsini nizamlamağa çalışacağıq. Biz artıq bu istiqamətdə mühüm irəliləyişə nail olmuşuq”.
F.Olland Avropa İttifaqında baş vermiş böhranı xatırladaraq demişdir: “Yaxşıdır ki, İrlandiya və İspaniya Aİ-nin yardım proqramından çıxırlar. Bizim siyasətimizdə müəyyən nailiyyətlər var, amma problemləri unutmaq hələ tezdir”.
Angela Merkel sammitin açılışı ərəfəsində üzv ölkələri ittifaqın möhkəmləndirilməsi naminə çeviklik göstərməyə çağırmışdır. O demişdir ki, Avropa siyasətçiləri Aİ-nin əsas müqavilələrində dəyişikliklərə hazır olmalıdırlar.