İQTİSADİYYAT
ALMANİYADA BEYNƏLXALQ İKİNCİ ƏL AVADANLIĞI SATIŞ YARMARKASI AÇILACAQDIR
Bakı, 26 yanvar (AZƏRTAC). Azərbaycan Respublikası Sahibkarlar (İşəgötürənlər) Təşkilatları Milli Konfederasiyasından (ASK) bildirmişlər ki, ASK Azərbaycan şirkətləri rəhbərlərinin aprelin 22-də Almaniyanın Karlsruhe şəhərində açılacaq 15-ci beynəlxalq ikinci əl avadanlığı satış yarmarkasına qatılmaq məqsədi ilə həmin ölkəyə səfərini təşkil edəcəkdir.
Aprelin 25-dək davam edəcək sərginin əsas məqsədi işlənmiş və yeni istehsal edilmiş avadanlıq və dəzgahların bilavasitə istehsalçısı ilə alıcısı arasında əməkdaşlıq əlaqələrinin yaradılmasına kömək göstərməkdir.
Sərgidə dünyanın 30 ölkəsindən avadanlıq istehsalı və satışı ilə məşğul olan şirkətin iştirakı nəzərdə tutulmuşdur.
15-ci beynəlxalq ikinci əl avadanlığı satış yarmarkasında iştirak etmək istəyənlər martın 20-dək ASK-ya müraciət edə bilərlər.