SİYASƏT
ALMANİYANIN BAVARİYA FEDERAL TORPAĞI AZƏRBAYCAN İLƏ ƏLAQƏLƏRİN İNKİŞAFINDA MARAQLIDIR
Bakı, 22 aprel (AZƏRTAC). Azərbaycanın Xarici İşlər Nazirliyinin mətbuat xidmətindən bildirmişlər ki, aprelin 22-də nazir Elmar Məmmədyarov ölkəmizdə səfərdə olan Almaniyanın Bavariya federal torpağının federal və Avropa məsələləri üzrə dövlət naziri xanım Emilia Müller ilə görüşmüşdür.
Azərbaycanda olmasından məmnunluğunu bildirən E.Müller Bavariya federal torpağının ölkəmizlə əlaqələrin inkişafında maraqlı olduğunu və bu istiqamətdə geniş potensialın mövcudluğunu qeyd etmişdir. Bavariya şirkətlərinin ölkəmizdə uğurlu layihələr həyata keçirdiyini və federal torpağın gələcəkdə də Azərbaycan ilə iqtisadiyyat, təhsil, tikinti, texnologiya və digər sahələrdə əməkdaşlığın genişləndirilməsində maraqlı olduğunu bildirmişdir.
Nazir E.Məmmədyarov bu marağın qarşılıqlı olduğunu qeyd etmiş, əlaqələrin daha da dərinləşməsi üçün konkret layihələrin həyata keçirilməsinin vacibliyini vurğulamışdır.
E.Müller regionda cərəyan edən proseslərlə də maraqlanmışdır.
Cənubi Qafqaz regionunda təhlükəsizlik, xüsusilə də Ermənistan-Azərbaycan, Dağlıq Qarabağ münaqişəsi barədə məlumat verən E.Məmmədyarov Ermənistanın Azərbaycan ərazilərini işğal etməsi nəticəsində yaranmış status-kvonun davam etməsinin qəbuledilməz olduğunu və məsələnin beynəlxalq hüququn norma və prinsipləri, dövlətimizin ərazi bütövlüyü çərçivəsində həllinin mümkünlüyünü vurğulamışdır.
Görüşdə qarşılıqlı maraq doğuran digər məsələlər ətrafında fikir mübadiləsi aparılmışdır.