ELM VƏ TƏHSİL
AMEA-da akademik Fəraməz Maqsudovun 85 illik yubileyi qeyd edilib
Bakı, 18 mart, AZƏRTAC
Martın 18-də Azərbaycan Milli Elmlər Akademiyasının (AMEA) Riyaziyyat və Mexanika İnstitutunda ictimai-siyasi xadim, əməkdar elm xadimi, akademik Fəraməz Maqsudovun 85 illik yubileyinə həsr edilən tədbir keçirilib.
Əvvəlcə institutun əməkdaşları Fəxri xiyabana gələrək görkəmli alimin xatirəsini yad edib, məzarı önünə əklil və gül dəstələri qoyublar.
Akademiyadan AZƏRTAC-a bildiriblər ki, institutda davam edən tədbirdə bu elmi müəssisənin direktoru, professor Misir Mərdanov görkəmli alimin keçdiyi həyat yolu, yaradıcılığı, elmi, ictimai-siyasi fəaliyyəti və riyaziyyat elminə verdiyi böyük töhfələrdən söz açıb. Qeyd edilib ki, F.Maqsudov 1930-cu il martın 20-də Naxçıvan şəhərində anadan olub. O, 1954-cü ildə Azərbaycan Dövlət Universitetinin (indiki Bakı Dövlət Universiteti) fizika-riyaziyyat fakültəsini riyaziyyat ixtisası üzrə fərqlənmə diplomu ilə bitirib, elə həmin ildən akademiyanın Fizika-Riyaziyyat İnstitutunda fəaliyyətə başlayıb. Alimin uşaqlıq və gənclik illərində riyaziyyat, fizika kimi dəqiq elmlərlə yanaşı, tarixə, ədəbiyyata, poeziyaya olan dərin marağı onun gələcəkdə Azərbaycan elminin görkəmli nümayəndəsi kimi dünyagörüşünün formalaşmasında xüsusi rol oynayıb. F.Maqsudov 1976-cı ildə akademiyanın müxbir üzvü, 1980-ci ildə həqiqi üzvü və 1997-ci ildə isə prezidenti seçilib. Respublikada elmin inkişafında və yüksək ixtisaslı kadrların hazırlanması sahəsindəki xidmətlərinə görə “Əməkdar elm xadimi” adına layiq görülüb, “Xalqlar dostluğu” ordeni ilə təltif olunub.
Professor Məmməd Bayramoğlu akademik F.Maqsudovun həyatı və elmi fəaliyyəti haqqında ətraflı məlumat verib. Alimin fitri istedadı sayəsində riyaziyyat elmi sahəsində böyük işlər gördüyünü, uzun illər akademiyanın Fizika-Riyaziyyat və Texnika Elmləri Bölməsinin akademik-katibi, AMEA-nın prezidenti kimi fəaliyyət göstərdiyini, bütün bunlarla yanaşı, respublikada gedən ictimai-siyasi proseslərdə öz prinsipial mövqeyini bildirən insanlardan olduğun qeyd edilib.
Tədbirdə professorlar Nadir Süleymanov, Əkbər Əliyev və başqaları alimlə bağlı xatirələrini bölüşüb, F.Maqsudovun əziz xatirəsinin onu tanıyanların qəlbində daim yaşayacağını söyləyiblər.
Sonda akademikin nəvəsi Elxan Məmmədxan babasının xatirəsinə göstərilən hörmət və ehtirama görə tədbirin təşkilatçılarına və iştirakçılarına minnətdarlığını bildirib.