ELM VƏ TƏHSİL
AMEA Humanitar və İctimai Elmlər Bölməsinin növbəti büro iclası keçirilmişdir
Bakı, 7 mart (AZƏRTAC). Azərbaycan Milli Elmlər Akademiyasının (AMEA) Humanitar və İctimai Elmlər Bölməsinin (HİEB) növbəti büro iclası keçirilmişdir.
AMEA-dan AZƏRTAC-a bildirmişlər ki, iclasda HİEB-in akademik-katibi, AMEA-nın müxbir üzvü Kamal Abdullayev gündəlikdə duran məsələlər barədə məlumat vermişdir. Bildirilmişdir ki, Azərbaycan Prezidentinin “Azərbaycan xalqının ümummilli lideri Heydər Əliyevin 90 illik yubileyi haqqında” 2013-cü il 21 yanvar tarixli Sərəncamının icrası məqsədilə mayın 1-dən 4-dək Bakı Slavyan Universiteti (BSU) və AMEA Humanitar və İctimai Elmlər Bölməsinin birgə təşkilatçılığı ilə “Azərbaycanşünaslığın aktual problemləri” IV Beynəlxalq elmi konfrans keçiriləcəkdir. Konfrans “Heydər Əliyev şəxsiyyəti və fəaliyyəti”, “Heydər Əliyev və azərbaycançılıq”, “Heydər Əliyev və qloballaşan dünyada Azərbaycan” və “Azərbaycan dilinin və mədəniyyətinin inkişaf perspektivləri” bölmələri üzrə həyata keçiriləcəkdir.
İclasda “Muğam aləmi” III Beynəlxalq Muğam Festivalı haqqında ətraflı məlumat verən K.Abdullayev martın 12-də festival çərçivəsində AMEA Milli Azərbaycan Tarixi Muzeyində “Azərbaycan muğamlarında və Şərqin oxşar ənənəvi janrlarında musiqi alətlərinin rolu” mövzusunda beynəlxalq elmi simpoziumunun keçiriləcəyini də nəzərə çarpdırmışdır.
İclasda, həmçinin AMEA Rəyasət Heyətinin “H.Zərdabinin 170 illik yubileyinin keçirilməsi haqqında” 2012-ci il 27 iyun tarixli sərəncamına əsasən yaradılması nəzərdə tutulmuş Həsən bəy Zərdabi adına Azərbaycan Mətbuat Muzeyi ilə bağlı işçi qrupun tərkibi müəyyənləşdirilmişdir.
Tədbirdə cari ildən HİEB-də fəaliyyətə başlayacaq elmi-metodik seminarın müzakirəsi də keçirilmiş, fəlsəfə elmləri doktoru Zümrüd Quluzadə seminara rəhbər təyin olunmuşdur.
Müzakirələrdə AMEA-nın müxbir üzvü Yaqub Mahmudov, AMEA Fəlsəfə, Sosiologiya və Hüquq İnstitutunun direktoru, professor İlham Məmmədzadə, professorlar Bəhram Zahidov, Fəxrəddin Veysəlli və başqaları çıxış etmişlər.
2013-cü ildə AMEA fəlsəfə doktoru hazırlığı üzrə təhsil alan doktorantların elmi konfranslarının keçirilməsi ilə əlaqədar HİEB üzrə təşkilat komitəsi yaradılmışdır. İclasda, həmçinin bir sıra görkəmli elm xadimləri yubileyləri münasibətilə AMEA-nın fəxri fərmanı ilə təltif olunmuşlar.
Sonda bir sıra kadr məsələlərinə də baxılmış, BSU və AMEA Hüseyn Cavidin Ev Muzeyinin birgə layihəsi olan H.Cavidin “Şeyda” əsərinin tərcümələrinin təqdimatı keçirilmişdir.