MƏDƏNİYYƏT
Ana dilimizi sevirik, ana dilimizi öyrənirik...
![](/files/galleryphoto/2019/2/1200x630/15647435973125912117_1200x630.jpg)
![](/files/galleryphoto/2019/2/1200x630/15647435973739932912_1200x630.jpg)
Bakı, 2 avqust, AZƏRTAC
Bakı Şəhər Mədəniyyət Baş İdarəsi Binəqədi rayon Mərkəzləşdirilmiş Kitabxana Sisteminin 6 nömrəli filialında “Ana dilimizi sevirik, ana dilimizi öyrənirik” mövzusunda tədbir keçirilib.
Baş İdarədən AZƏRTAC-a bildirilib ki, əvvəlcə filialın böyük kitabxanaçısı Rəxşəndə Həsənova çıxışında Azərbaycan əlifbası və Azərbaycan dili günü haqqında məlumat verib. O, ümummilli lider Heydər Əliyevin imzaladığı 9 avqust 2001-ci il tarixli Fərmanla hər il avqust ayının 1-nin ölkəmizdə Azərbaycan əlifbası və Azərbaycan dili günü kimi qeyd edildiyini vurğulayıb.
Qeyd edib ki, ölkəmizdə dil siyasətinin formalaşdırılması, Azərbaycan dilinin dövlət dili kimi tətbiqi işinin təkmilləşdirilməsi və dünya azərbaycanlılarının ünsiyyət vasitəsinə çevrilərək milli həmrəyliyin göstəricisi kimi beynəlxalq aləmdə rolu və nüfuzunun yüksəlməsi ümummilli lider Heydər Əliyevin adı ilə bağlıdır. Ulu Öndər Azərbaycan xalqının milli varlığının əsas rəmzi olan ana dilimizin saflaşdırılması və zənginləşdirilməsi istiqamətində çox mühüm addımlar atıb və Azərbaycan dilinin inkişafı və qorunması məqsədilə əhəmiyyətli sənədlər təsdiq edib. Milli varlığımızın və tarixi kimliyimizin əsas atributlarından olan ana dilimiz ən yüksək dəyəri qazanıb.
Sonda oxucular “Ana dilimizi sevirik, ana dilimizi öyrənirik” adlı sərgi ilə tanış olublar.