DÜNYA
Angela Merkel iqlim dəyişmələrinə qarşı mübarizədə əlavə səylər tələb edir
Berlin, 16 noyabr, AZƏRTAC
İndiyə qədər görülmüş tədbirlər iqlim üzrə Paris Sazişinin məqsədlərinə nail olmağa kömək etməyəcək. AZƏRTAC xəbər verir ki, belə bir bəyanatla Almaniya Kansleri Angela Merkel BMT-nin iqlim dəyişmələri üzrə 23-cü Konfransının (COP23) noyabrın 15-də açılmış iclasında çıxış edib. Kanslerin fikrincə, iqlim dəyişmələrinə qarşı mübarizə üzrə əlavə səylər lazımdır.
Almaniya hökumətinin başçısı atmosferə atılan tullantıların azaldılmasına görə sənayecə inkişaf etmiş ölkələrin xüsusi məsuliyyət daşıdığını vurğulayaraq əmin edib ki, Paris Sazişinin məqsədlərinin Almaniya üçün də müşkül məsələ olmasına baxmayaraq, Berlin həmin məqsədlərə nail olmağa çalışacaq. Kanslerin sözlərinə görə, məsələn, kömür hasilatının azaldılması iqlim dəyişmələrinə qarşı mübarizə üzrə məqsədlərə nail olunması prosesinə “əhəmiyyətli töhfə” verməlidir. Bununla belə, kansler qeyd edib ki, kömür hasilatı sənayesi mövzusu iş yerləri və elektrik enerjisinin dəyəri kimi məsələlərlə birbaşa bağlıdır.
BMT-nin iqlim dəyişmələri üzrə 23-cü Konfransı (COP23) BMT-nin İqlim Dəyişmələri haqqında Çərçivə Konvensiyasına müvafiq olaraq, noyabrın 6-dan 17-dək Bonda keçirilir. Konfransda Fici Dövləti sədrlik edir. Arxipelaq belə irimiqyaslı tədbiri öz ərazisində keçirmək iqtidarında olmadığı üçün konfransı İqlim Dəyişmələri haqqında Çərçivə Konvensiyasının Katibliyinin yerləşdiyi Bonda keçirmək qərara alınıb.
Vüqar Seyidov
AZƏRTAC-ın xüsusi müxbiri
Berlin