SİYASƏT
“AQO” MONİTORİNQ QRUPUNUN SƏDRİ AZƏRBAYCANDA MƏHKƏMƏ SİSTEMİNİN MÜASİRLƏŞDİRİLMƏSİ İLƏ BAĞLI GÖRÜLƏN İŞLƏRDƏN RAZI QALDIĞINI BİLDİRMİŞDİR
Bakı, 25 noyabr (AZƏRTAC). Noyabrın 24-də ölkəmizdə səfərdə olan Avropa Şurası Nazirlər Komitəsinin “Aqo” monitorinq qrupunun nümayəndələri Ali Məhkəmənin sədri Ramiz Rzayev ilə görüşmüşlər.
Görüşdə Azərbaycanın məhkəmə sistemi, Ali Məhkəmənin strukturu və fəaliyyəti barədə məlumat verən R.Rzayev qeyd etmişdir ki, ölkəmizdə Avropa kontinental məhkəmə sistemi tətbiq olunur. Beynəlxalq hüquqi aktlar, xüsusən də “İnsan hüquqlarının və əsas azadlıqların müdafiəsi haqqında” Avropa Konvensiyasının müddəaları, Avropa İnsan Hüquqları Məhkəməsinin presedent hüququ öyrənilir və onlara istinad olunur. Qəbul edilən qərarlar Avropa standartlarına uyğunlaşdırılır. Məhkəmə prosesində ən yeni informasiya texnologiyalarından istifadə olunur.
Monitorinq qrupunun sədri, Ruminiyanın Avropa Şurası yanında daimi nümayəndəsi Stelian Stoyan ölkəmizdə məhkəmə sisteminin müasirləşdirilməsi ilə bağlı görülən işlərdən razı qaldığını bildirərək vurğulamışdır ki, Azərbaycan bu sahədə yeni bir təcrübəyə malik olmağa başlamışdır. Burada həyata keçirilən tədbirlər – hakim vəzifəsinə seçim prosedurlarının Avropa standartlarına uyğunluğu, seminarlarda, treninqlərdə, təlimlərdə beynəlxalq ekspertlərin iştirakı, müasir elektron texnologiyasının tətbiqi beynəlxalq müşahidəçilər, həmçinin bizim tərəfimizdən izlənilir və yüksək qiymətləndirilir.
Ali Məhkəmənin sədri monitorinq qrupunun üzvlərini maraqlandıran suallara ətraflı cavab vermişdir.
Ali Məhkəmənin yüksək statusuna uyğun yeni inzibati binası ilə tanış olan monitorinq qrupunun üzvləri bunun onlarda xoş təəssürat yaratdığını bildirmişlər. Qeyd etmişlər ki, Ali Məhkəmənin binası beynəlxalq hüquq tədbirlərinin keçirilməsi üçün münasib bir yerdir. Monitorinq qrupunun üzvləri məhkəmə tarixi muzeyinə baxmış, hakimlərin iş şəraiti ilə tanış olmuşlar.
######