CƏMİYYƏT
AQTA-nın sədr müavini: Zoonoz xəstəliklərə nəzarət hədəflərdən biri kimi müəyyənləşdirilib VİDEO
![AQTA-nın sədr müavini: Zoonoz xəstəliklərə nəzarət hədəflərdən biri kimi müəyyənləşdirilib VİDEO](/files/2024/2/1200x630/1719900175192044501_1200x630.jpg)
Bakı, 2 iyul, AZƏRTAC
Son illərdə ölkəmizdə qida təhlükəsizliyi, həmçinin heyvan sağlamlığı sahəsində həyata keçirilən irimiqyaslı tədbirlər və innovativ yeniliklərin tətbiqi heyvan xəstəlikləri ilə mübarizə sahəsində öz bəhrəsini verməkdədir. Belə ki, Azərbaycanın xırdabuynuzlu heyvanların taunu xəstəliyindən (PPR) azad olma statusu alması Ümumdünya Heyvan Sağlamlığı Təşkilatı (ÜHST) tərəfindən təsdiqlənib və bu barədə sertifikat cari ilin mayın 30-da Nümayəndələr Assambleyasının Ali Baş Sessiyasında ölkəmizin nümayəndə heyətinə təqdim edilib.
AZƏRTAC xəbər verir ki, bunu Azərbaycan Qida Təhlükəsizliyi Agentliyinin sədr müavini Balarəhim Quliyev xırdabuynuzlu heyvanların taunu (PPR) xəstəliyinə dair planın məsləhətləşməsi və dabaq xəstəliyi üzrə yol xəritəsi ilə bağlı keçirilən beynəlxalq tədbirdə çıxış edərkən deyib.
O bildirib ki, ölkəmiz də daxil olmaqla, zoonoz xəstəliklərin regionda qeyri-stabil epizootik statusa malik olması nəzərə alınaraq, xəstəliyin regional əməkdaşlıq mexanizmləri tətbiq edilməklə ləğv olunması və bu xəstəliyə davamlı nəzarətin təmin edilməsi hədəflərdən biri kimi müəyyənləşdirilib.
“Bunun üçün “Dabaq xəstəliyi ilə mərhələli mübarizə planı” üzrə fəaliyyət davam etdirilir. Regional Məsləhət Qrupunun (RMQ) nizamnaməsi çərçivəsində fəaliyyətin genişləndirilməsi və Qrupun işinə mümkün olan hər cür dəstəyin göstərilməsi planlaşdırılıb. Eləcə də Ümumdünya Heyvan Sağlamlığı Təşkilatının (ÜHST) təşəbbüslərinə qoşularaq heyvan xəstəliklərinin bioloji təhlükəsizliyə, insan sağlamlığına və ətraf mühitə mənfi təzahürlərinin minimuma endirilməsi bu sahə üzrə fəaliyyətin əsasını təşkil edir.
Heyvan xəstəliklərindən azad zonanın yaradılması Azərbaycan Prezidentinin Sərəncamları ilə təsdiq olunmuş “Azərbaycan Respublikasında qida təhlükəsizliyinin təmin olunmasına dair 2019-2025-ci illər üçün Dövlət Proqramı”nda və “Azərbaycan Respublikasının işğaldan azad edilmiş ərazilərinə Böyük Qayıdışa dair I Dövlət Proqramı”nda nəzərdə tutulub. Qarşıya qoyulmuş tapşırıqların icrası məqsədilə zoonoz xəstəliklərə nəzarətin gücləndirilməsi və ilkin olaraq peyvəndləmə aparılmaqla azad zonanın yaradılması istiqamətində fəaliyyət davam etdirilir”, - deyə sədr müavini qeyd edib.