CƏMİYYƏT
AQTA sədri Kürdəmirdə vətəndaşları qəbul edib
Bakı, 17 may, AZƏRTAC
Azərbaycan Qida Təhlükəsizliyi Agentliyinin (AQTA) sədri Qoşqar Təhməzli mayın 17-də Kürdəmir Rayon Heydər Əliyev Mərkəzində vətəndaşları qəbul edib.
Agentliyin İnformasiya təminatı və innovativ həllər şöbəsindən AZƏRTAC-a verilən məlumata görə, qəbulda Kürdəmir, həmçinin Ucar və Zərdab rayonlarından olan vətəndaşlar iştirak ediblər.
Qəbuldan əvvəl Qoşqar Təhməzli və Kürdəmir Rayon İcra Hakimiyyətinin başçısı Elxan İbrahimov ulu öndər Heydər Əliyevin abidəsini ziyarət edərək önünə gül dəstələri qoyublar, dahi şəxsiyyətin əziz xatirəsinə dərin hörmət və ehtiramlarını bildiriblər.
AQTA-nın məsul əməkdaşlarının iştirakı ilə keçirilən qəbulda vətəndaşların müraciətləri dinlənilib, ərizə və şikayətlərinə baxılıb. Müraciətlər regionda bitkiçilik, heyvandarlıq və qida sahəsində fəaliyyət göstərən sahibkarlıq subyektlərinin fəaliyyəti ilə bağlı məsələləri əhatə edib. Həmçinin müraciətlərdə işlərin daha operativ və səmərəli təşkili üçün gələcəkdə digər rayonlarda da laboratoriyaların yaradılması, heyvan kəsimi fəaliyyəti və bununla əlaqədar həyata keçirilən baytarlıq nəzarəti kimi məsələlər yer alıb.
Qəbula gələn hər bir vətəndaşın müraciəti diqqətlə dinlənilib, bir sıra məsələlərlə əlaqədar edilən müraciətlər yerində həll olunub, qaldırılan digər məsələlərin hərtərəfli öyrənilməsi və qanunvericiliyin tələblərinə uyğun qısa müddətdə həll edilməsi üçün müvafiq tapşırıqlar verilib.
Sonra Qida Təhlükəsizliyi İnstitutunun həmin regionlar üzrə yerli bölmələrində işlə təmin olunmaq istəyən, qida sahəsində müvafiq ixtisaslara yiyələnmiş vətəndaşların müraciətlərinə baxılıb.