REGİONLAR
Aran rayonlarında iribuynuzlu heyvanlar arasında baş vermiş xəstəliyin qarşısının alınması üçün tədbirlər görülür
Bakı, 19 avqust (AZƏRTAC). Bu il iyul ayının sonlarından respublikamızın aran rayonlarında iribuynuzlu heyvanlarda qanın qatılaşması, bədən hərarətinin dəyişkən olaraq qalxması və digər hallarla müşahidə edilən xəstəlik baş vermişdir.
AZƏRTAC xəbər verir ki, bu sözləri avqustun 19-da Bakıda Kənd Təsərrüfatı Nazirliyi yanında Dövlət Baytarlıq Xidmətinin (DBX) rəisi Sialə Rüstəmova baş vermiş xəstəliklə bağlı keçirdiyi mətbuat konfransında demişdir.
Onun sözlərinə görə, bu xəstəliyin diaqnozunun qoyulması üçün DBX-nin nümayəndələri tərəfindən həmin rayonlarda qan nümunələri, burundan axan axıntıların yaxmaları, su və yemdən nümunələr götürülmüş və Respublika Baytarlıq Laboratoriyasında müayinə edilmişdir.
S.Rüstəmova demişdir: “Bu gün müayinənin nəticələrinə əsaslanıb qeyd etmək istərdik ki, bu virus xəstəliyidir. Bu virus bunyaviruslar ailəsinə aiddir və özündə üç virusu (Şamonda, Akabane və Aina) birləşdirən transmissiv xəstəlikdir. Bu xəstəlik insana yoluxmur, heyvandan heyvana keçmir. Xəstəliyin insanlara yoluxması ilə bağlı heç bir təhlükə yoxdur. Bundan əlavə, xəstə heyvanların məhsulları da təhlükəsizdir. İlk dəfə bu xəstəlik 2011-ci ildə Avropada qeydə alınmış və MDB ölkələrində də yayılmışdır. Azərbaycanda isə ilk yoluxma halı 2013-cü il iyulun 28-də qeydə alınmışdır”.
DBX-nin rəisi vurğulamışdır ki, xəstəlik nəticəsində balasalma, ölü balaların doğulması, sinir sisteminin pozulması halları müşahidə edilir. Hazırda respublikamızın 17 aran rayonunda iribuynuzlu heyvanlar arasında bu xəstəliyə yoluxma halları baş vermişdir. DBX-nin nümayəndələri, eləcə də rayon baytarlıq idarələrinin əməkdaşları gücləndirilmiş iş rejimində çalışaraq bu xəstəlik müşahidə olunan heyvanları üç gün ərzində venadaxili simptomatik müalicə etmişlər. Bu virus müalicəyə tabe olur. Diqqətə çatdırılmışdır ki, 17 rayonda iribuynuzlu heyvanların təxminən 20 faizi bu xəstəliyə yoluxmuşdur. Artıq həmin heyvanlar sağalma mərhələsindədir. Sırf bu xəstəlikdən indiyədək ölüm halları olmamışdır.