İQTİSADİYYAT
“Arcadia Marine House” şirkətinin sahibi: Bakıda nümayəndəliyimizi açmağı planlaşdırırıq
Bakı, 3 aprel, AZƏRTAC
“CIBS-2015” II Xəzər Beynəlxalq kater və yaxtalar sərgisində ilk dəfə iştirak edirik. Lakin bundan sonra Bakı bizim daim səfər etmək niyyətində olduğumuz şəhərlər siyahısına daxil ediləcək.
“Arcadia Marine House” şirkətinin sahibi və baş icraçı direktoru Aleksandr Leydiker AZƏRTAC-a müsahibəsində bildirib ki, şirkət kater və yaxtaların layihələndirilməsi ilə məşğuldur. Baş ofis isə Odessa şəhərində yerləşir. “Arcadia Marine House” şirkəti 1998-ci ildən bəri bu bazarda fəaliyyət göstərir və sifarişçilərə satış, sığorta, qeydiyyat, tərsanələrdə quraşdırma işlərinə nəzarət, brokerlik, texniki dəstək, işçi heyətin seçilməsi və yaxtaların daşınması üzrə xidmətlər təqdim edir. Şirkətin İngiltərə, Fransa və İtaliyada nümayəndəlikləri var.
“Mən hesab edirəm ki, bu sərgi potensial sifarişçiləri, eləcə də nəqliyyat vasitələri ilə əlaqədar olan xidmət istehlakçılarının diqqətini cəlb etməlidir. Xəzər dənizi kifayət qədər böyükdür, bu isə dəniz nəqliyyat vasitələri ilə əlaqədar xidmətlər bazarının kifayət qədər irihəcmli olduğundan xəbər verir. Bu mərhələdə biz Azərbaycan bazarına yenicə qədəm qoyuruq və Bakıda öz nümayəndəliyimizi açmağı planlaşdırırıq”, - deyə A.Leydiker qeyd edib.