İQTİSADİYYAT
ARDNŞ-də müraciətlərə baxılmasının təkmilləşdirilməsi istiqamətində işlər davam etdirilir
Bakı, 10 oktyabr (AZƏRTAC). Prezident İlham Əliyev tərəfindən icra orqanları qarşısında qoyulan tələblərə həmişə vaxtında və dəqiq əməl edən ARDNŞ-də vətəndaşların müraciətlərinə baxılması işinin təkmilləşdirilməsi istiqamətində də mühüm tədbirlər həyata keçirilir. Şirkətin rəsmi internet saytında “Məktub yaz” və “Qəbul günləri” bölmələri fəaliyyət göstərir. Cari ilin avqust-sentyabr aylarında 249 nəfər bu və ya digər məsələlərlə bağlı “Məktub yaz” bölməsinə müraciət etmişdir.
Şirkətin mətbuat xidmətindən AZƏRTAC-a bildirmişlər ki, cari ilin sentyabr ayında ARDNŞ tərəfindən 1264 müraciətə baxılmışdır. Ümumiyyətlə, ötən ilin yanvar-sentyabr aylarında şirkətə 7 min 753 məktub göndərilmişdisə, bu ilin müvafiq dövründə ARDNŞ-ə 11 min 509 müraciət daxil olmuşdur. Həmin məktub və müraciətlər diqqətlə araşdırılmış, müvafiq qaydada cavablandırılmışdır. Oktyabr ayının 1-nə olan məlumata görə, ilin əvvəlindən bəri 10 min 480 sənədə baxılmış, 846 məktub icra üçün yerlərə göndərilmişdir.
Ümumiyyətlə, 2010-cu ilin yanvarın 1-dən dekabrın 31-dək şirkətə ümumilikdə 11 min 114 məktub daxil olmuşdur. Təhlil göstərir ki, ARDNŞ-ə işlə təmin olunma xahişi ilə müraciətlər üstünlük təşkil edir. Belə ki, cari ilin sentyabr ayında 471, ilin əvvəlindən 4966 məktub məhz işlə təmin olunma ilə bağlı olmuşdur. Şirkətin idarə və müəssisələri tərəfindən yaşayış binalarının təmiri, vətəndaşların mənzil şəraitinin yaxşılaşdırılması, ehtiyacı olanlara maddi yardımın göstərilməsi, müavinətlərin verilməsi, torpaq sahələrinin ayrılması, vətəndaşların təbii qazla təchizatı kimi fərdi və kollektiv müraciətlər də çox olmuşdur. Sentyabr ayında 471 (cari ilin yanvar-sentyabr aylarında 4966 ədəd) belə müraciət olmuşdur. Müraciətlərin müəyyən qismi əmək münasibətlərinin tənzimlənməsi və digər hallarla bağlı olmuşdur. ARDNŞ-ə ünvanlanmış bütün müraciətlər şirkət rəhbərliyi tərəfindən ciddi araşdırılmış, müvafiq tədbirlər həyata keçirilmiş, nəticələri barədə ərizəçilərə məlumat verilmişdir.