ELM VƏ TƏHSİL
Nazir müavini: Təhsilli insanlar münaqişələrin daha asan həll edilməsinə imkan yaradırlar
Bakı, 1 may, AZƏRTAC
Ümumdünya Mədəniyyətlərarası Dialoq Forumu 6-cı dəfədir ki, Bakıda keçirilir və artıq ənənəyə çevrilib. Dünyanın bir çox ölkələrində terror aktları törədilir, insanlara qarşı ayrı-seçkilik aparılır. Ksenofobiya bəşəriyyətin tərəqqisini əngəlləyir, zorakılıq, münaqişə, terrorizm təhlükəsini artırır. Bəzi dairələr xalqlar və dinlər arasında münaqişələri alovlandırırlar.
AZƏRTAC xəbər verir ki, bunu elm və təhsil nazirinin müavini Firudin Qurbanov VI Ümumdünya Mədəniyyətlərarası Dialoq Forumunda “Təhsilin və gənclərin ayrı-seçkilik və ksenofobiya ilə mübarizəyə cəlb edilməsinin rolu” mövzusunda keçirilən paneldə deyib. Nazir müavini bildirib ki, problemin həllində təməl amil kimi təhsil olmalıdır. “Təcrübə göstərir ki, təhsilli insanlar münaqişələrin daha asan həll edilməsinə imkan yaradırlar. Ölkəmiz mədəniyyətlərarası dialoq tərəfdarı olub, prosesə öz töhfəsini verib. Hazırda heç bir şübhə yoxdur ki, tolerantlıq olmadan ksenofobiyanın dəf edilməsi mümkün deyil. Azərbaycan irqindən, dilindən, dinindən asılı olmayaraq hər bir vətəndaşın təhsil almasına imkan yaradır. Onlara öz mədəni irslərinin qorunub saxlanılması üçün hər cür şərait yaradılıb”, - deyə Firudin Qurbanov qeyd edib.
Nazir müavini çıxışında Elm və Təhsil Nazirliyinin Təhsildə inkişaf və innovasiyalar üzrə qrant müsabiqəsinin keçirilməsinin başlıca məqsədindən söz açıb. Bildirib ki, bu layihə təhsilverənlərdə sağlam rəqabəti və innovativ fəaliyyəti stimullaşdırır: “Bu gün azərbaycanlı məktəblilər olimpiadalar və yarışlarda iştirak edirlər. Belə tədbirlər gənc yaşlarda mədəniyyətlərarası dialoq və xalqlar arasında həmrəylik yaradır. Hazırda Azərbaycanda ali təhsil müəssisələrində 10 minədək əcnəbi tələbə təhsil alır.
Ümumilikdə xaricdə dövlət proqramları çərçivəsində 4500-ə yaxın gəncimiz dünyanın nüfuzlu ali təhsil müəssisələrində təhsil almaq hüququ qazanıb. Bugünkü Forum mədəniyyətlərarası dialoq sahəsində fikir mübadiləsi üçün geniş imkanlar yaradacaq. Mədəni müxtəliflik böyük dəyərdir və bunu qoruyub saxlamaq lazımdır”.
Xatırladaq VI Ümumdünya Mədəniyyətlərarası Dialoq Forumu “Sülh və qlobal təhlükəsizlik naminə dialoq” mövzusuna həsr edilib. Forum Azərbaycan hökumətinin təşkilatçılığı, UNESCO-nun, BMT-nin Sivilizasiyalar Alyansının, Dünya Turizm Təşkilatı və ICESCO-nun tərəfdaşlığı ilə keçirilir. Tədbirdə 100-dən çox ölkəni təmsil edən 700 mötəbər qonaq iştirak edir.