ELM VƏ TƏHSİL
ARDNŞ-İN TƏQAÜDÜNƏ NAMİZƏDLƏRİN MÜSAHİBƏSİNƏ YEKUN VURULMUŞDUR
Bakı, 22 aprel (AZƏRTAC). Dövlətimizin başçısı İlham Əliyevin tapşırığı əsasında Azərbaycan Respublikası Dövlət Neft Şirkəti (ARDNŞ) artıq bir neçə ildir ki, perspektivli gənc neftçi mütəxəssislərin hazırlanması, tələbələrin neft-qaz sənayesi sahəsində müasir elmi və təcrübi biliklərə yiyələnməyə həvəsləndirilməsi məqsədi ilə ali təhsil müəssisələrinin tələbələri üçün təqaüd proqramı həyata keçirir.
Şirkətin mətbuat xidmətindən bildirmişlər ki, aprelin 22-də 2009-2010-cu tədris ilinin birinci semestrinin nəticələrinə görə Azərbaycan ali təhsil müəssisələrinin tələbələrinə ARDNŞ-in təqaüdünün verilməsi üzrə müsabiqə komissiyasının yekun iclası keçirilmişdir. İclasda müsabiqənin ikinci turu çərçivəsində aprelin 1-dən 14-dək aparılmış müsahibəyə yekun vurulmuşdur. Bildirilmişdir ki, bu turda iştirak etmiş 265 tələbədən 140 nəfəri şirkətin təqaüdçüsü seçilmişdir. Ali təhsil müəssisələrinin bakalavr təhsil pilləsi üzrə I-IV kurslarının hər birindən 30 tələbə, magistraturanın I kursundan 12, II kursundan isə 8 tələbə ARDNŞ-in təqaüdçüsü adına layiq görülmüşdür. Təqaüdə layiq görülmüş tələbələrdən 62 nəfəri əvvəllər də müxtəlif vaxtlarda şirkətin təqaüdünü almışlar. Müsabiqə komissiyasının yekun qərarına əsasən, Azərbaycan Dövlət Neft Akademiyasının 107, Qafqaz Universitetinin 13, Azərbaycan Dövlət İqtisad Universitetinin 7, Bakı Dövlət Universitetinin 6, Azərbaycan Memarlıq və İnşaat Universitetinin 5, Azərbaycan Texniki Universitetinin 1, Azərbaycan Respublikasının Prezidenti yanında Dövlət İdarəçilik Akademiyasının 1 tələbəsi ARDNŞ-in təqaüdçüsü seçilmişdir.
Xatırladaq ki, ARDNŞ perspektivli gənc neftçi mütəxəssislərin yetişdirilməsi, tələbələrin neft-qaz sənayesində müasir elmi və təcrübi biliklərə yiyələnməyə həvəsləndirilməsi məqsədi ilə bu layihəni 2004/2005-ci tədris ilindən həyata keçirir. İndiyədək respublikanın ali məktəblərində təhsil alan yüzlərlə tələbə ARDNŞ-in təqaüdünə layiq görülmüşdür. Təqaüdün aylıq məbləği 70 manatdır.