İQTİSADİYYAT
ARDNŞ Rumıniyada 31-ci yanacaqdoldurma məntəqəsini açıb
Buxarest, 15 dekabr, İqbal Hacıyev, AZƏRTAC
Azərbaycan Respublikası Dövlət Neft Şirkəti (ARDNŞ) Rumıniyada yanacaq doldurma məntəqələri şəbəkəsini genişləndirməkdə davam edir.
AZƏRTAC-ın xüsusi müxbiri xəbər verir ki, dekabrın 15-də Rumıniyanın şimal regionunda, Ukrayna ilə sərhəd ərazidə yerləşən Bistritsa şəhərində “SOCAR” brendi altında yeni yanacaq doldurma məntəqəsi istifadəyə verilib. Bununlada Rumıniyada SOCAR brendi altında fəaliyyət göstərən YDM-lərin sayı 31-ə çatdırılıb.
Açılış mərasimində ARDNŞ-in Rumıniya nümayəndəliyinin əməkdaşları, Bistritsa şəhər icra hakimiyyəti və yerli dövlət qurumlarının təmsilçiləri, eləcə də kütləvi informasiya vasitələrinin nümayəndələri iştirak ediblər.
Geniş torpaq sahəsinə malik YDM-də Aİ-95 və Aİ-98 benzin, Dizel Euro 5 və Super Dizel tipli yanacaq məhsullarının satışı həyata keçiriləcəkdir. Məntəqədə 2 sayğac quraşdırılıb, bununla da 3 kiçik və 1 böyük (TIR) avtonəqliyyat vasitələrinin eyni anda yanacaqla təmin edilməsi üçün şərait yaradılıb. Bistritsa şəhərində istifadəyə verilmiş ilk stansiyada ümumilikdə 13 yeni iş yeri açılmışdır.
Digər YDM-lərdə olduğu kimi, Bistritsa məntəqəsində də müştərilərə “Nar” kafedə ənənəvi Azərbaycan məhsulları, 24 saat pulsuz internet xidməti təqdim olunur. Qeyd edək ki, ARDNŞ Rumıniyanın artıq 14 regionunda - Botoşan, Suçeava, Nyamts, İaşi, Bihor, Buzau, Bakau, Vrancea, Timiş, İlfov, Kluj, Valcea, Arad və Bistritsa-Nasaudda yanacaq doldurma məntəqələrinə malikdir.
İqbal Hacıyev
AZƏRTAC-ın xüsusi müxbiri
Buxarest