İQTİSADİYYAT
“ARDNŞ Yay Məktəbi”nin iştirakçıları Bibiheybətdə və “Ekoloji park”da olmuşlar
Bakı, 6 sentyabr (AZƏRTAC). ARDNŞ-in mətbuat xidmətindən AZƏRTAC-a verilən məlumata görə, “Yay Məktəbi”nin 3-cü günü neftin hasilatı və yataqların istismarı mövzularında məşğələlər keçirilmişdir. Neft və qaz yataqlarının işlənməsi və istismarı ilə bağlı mühazirələrdə təqdim olunan nəzəri bilikləri daha da möhkəmləndirmək, gələcəyin neftçilərini istehsalatla daha yaxından tanış etmək məqsədilə onların “Bibiheybət” NQÇİ-yə ekskursiyası təşkil olunmuşdur. Burada quyuların işlənməsi ilə bağlı iştirakçıları maraqlandıran suallar təcrübəli mütəxəssislər tərəfindən cavablandırılmış və onlara istehsalat barədə geniş məlumat verilmişdir. Günün “axşam qonağı” hissəsində isə ARDNŞ-in neftin, qazın hasilatı və nəqli üzrə vitse-prezidenti Rəhman Qurbanov və onun müavini Məmmədağa Əliyevlə görüş olmuşdur. Qonaqlar ümumilikdə neft sənayesi ilə bağlı fikirlərini iştirakçılarla bölüşmüş, bu sahənin əsaslı inkişaf mərhələsinə qədəm qoymasında ümummilli lider Heydər Əliyevin danılmaz xidmətlərindən söz açmışlar.
“Yay Məktəbi”nin 4-cü günü iştirakçılar üçün “Mavi planet, yer kürəsi və ekoloji sfera”, “Təbiət və səmərəli texnologiya”, “Bərpa olunan enerji”, “ARDNŞ-in ekoloji fəaliyyəti” mövzularında təqdimatlar keçirilmişdir. Sonra şirkət tərəfindən həyata keçirilən ən mühüm ekoloji layihələrdən biri olan “Ekoloji park”a ekskursiya təşkil edilmişdir. Ekskursiya zamanı Ekologiya İdarəsinin mütəxəssisləri “Yay Məktəbi”nin iştirakçılarına layihə haqqında ətraflı məlumat vermişlər. Günün qeyri-rəsmi hissəsində iştirakçılar üçün maraqlı interaktiv oyunlar təşkil edilmişdir.