ELM VƏ TƏHSİL
Asif Cahangirov: Universitetlərin tədqiqat innovasiya mərkəzlərinə çevrilməsi aktual məsələdir
Bakı, 22 fevral, AZƏRTAC
Azərbaycan Dövlət Pedaqoji Universitetində (ADPU) yeni fəaliyyətə başlayan pedaqoji forumun ilk tədbiri keçirilib.
ADPU-dan AZƏRTAC-a bildirilib ki, tədbirdə çıxış edən tədris işləri üzrə prorektor, dosent Eldar Aslanov forumun ölkəmizdə elmi-pedaqoji müzakirələrin keçirildiyi daimi platforma olduğunu deyib. E.Aslanov alimlərin və ekspertlərin iştirakı ilə hər ay dinləmələrin keçiriləcəyini söyləyib.
Sonra təhsil eksperti Asif Cahangirovun “Təhsil strategiyasının əsas dayağı: səriştə əsaslı təhsil” mövzusunda məruzəsi dinlənilib. A.Cahangirov bildirib ki, təhsil daim yenilənməli, inkişaf etdirilməlidir. Təhsil islahatlarının uğurla həyata keçirilməsi bu sahənin inkişafı üçün olduqca vacibdir. Hazırda universitetlərin tədqiqat innovasiya mərkəzlərinə çevrilməsi aktual məsələdir. Bu vəzifənin uğurla həyata keçirilməsində səriştə əsaslı təhsil mühüm rol oynayır. Təhsilyönümlü ali təhsildən təlimyönümlü ali təhsilə keçid qarşımızda vacib bir vəzifə kimi dayanır.
Tədbirdə ADPU-da son vaxtlar pedaqoji təhsilin məzmununda, təhsil prosesinin təşkilində baş verən dəyişikliklər, müəllim hazırlığına spesifik yanaşmalar və digər vacib məqamlarla bağlı fikir mübadiləsi aparılıb, iştirakçıların sualları cavablandırılıb.
ADPU-nun rektoru, professor Cəfər Cəfərov təqdimata görə A.Cahangirova minnətdarlığını bildirib və ziyalılıq mühitinin formalaşmasında böyük önəm kəsb edən belə tədbirlərin gələcəkdə də ardıcıl keçiriləcəyini vurğulayıb.