İQTİSADİYYAT
Asiya İnkişaf Bankı “CAREC 2030” strategiyasının dəstəklənməsinə 5 milyard dollar ayıracaq
Bakı, 27 oktyabr, AZƏRTAC
Asiya İnkişaf Bankı (AİB) növbəti 5 il ərzində “CAREC 2030” (Mərkəzi Asiya Regional İqtisadi Əməkdaşlıq Təşkilatı) strategiyasının dəstəklənməsi üçün 5 milyard ABŞ dolları məbləğində vəsait ayıracaq.
AİB-in Azərbaycandakı nümayəndəliyindən AZƏRTAC-a bildiriblər ki, bunu Asiya İnkişaf Bankının prezidenti Takehiko Nakao Tacikistanda Asiya Regionunun Nazirlər səviyyəsində İqtisadi Əməkdaşlıq üzrə XVI konfransında deyib. On bir üzv ölkəni təmsil edən CAREC nazirləri yeni uzunmüddətli strategiya olan “CAREC 2030” sənədini yekdilliklə təsdiq ediblər. Strategiya insan, siyasət və layihələrin əlaqələndirilməsi missiyası əsasında qurulur və regionda iqtisadi və maliyyə sabitliyinin, turizm, kənd təsərrüfatı, su ehtiyatları, səhiyyə və təhsil sahəsində regional təşəbbüslərin dəstəklənməsi daxil olmaqla, CAREC mandatının artırılması və genişləndirilməsini nəzərdə tutur. Eyni zamanda, CAREC nəqliyyat, enerji, ticarət və iqtisadi dəhlizlərin inkişafı kimi mövcud prioritet sahələrə səylərini yönəltməyə və bu sahələrdə müqayisəli üstünlükləri təmin etməyə davam edəcək.
“CAREC 2030” strategiyasının qəbul edilməsi, həmçinin region ölkələrinə milli inkişaf prioritetlərinə uyğunluğu təmin etməklə Paris Sazişi çərçivəsində davamlı inkişaf hədəflərini və iqlimin dəyişməsi üzrə hədəfləri əldə etməyə kömək edəcək.
“CAREC 2030” strategiyasının dəstəklənməsi üçün ayrılacaq vəsait Çin Xalq Respublikası istisna olmaqla, AİB-in CAREC ölkələrində layihələrə ayırdığı ümumi maliyyə vəsaitinin təxminən dörddə birini təşkil edir. AİB Pakistanda CAREC çərçivəsində yol dəhlizinin inkişafı üçün 800 milyon ABŞ dolları məbləğində yeni çoxtranşlı maliyyə fondunu təsdiqləyib.
“Düşənbə Bəyanatı” adlanan birgə bəyanatda CAREC nazirləri inkişaf məqsədlərinin əldə edilməsi üçün regional əməkdaşlığın artan önəmini vurğulayıblar. Nazirlər regional layihələr çərçivəsində özəl sektor, vətəndaş cəmiyyəti, inkişaf tərəfdaşları və digər tərəf müqabilləri ilə fəaliyyətə, kəmər və yol təşəbbüsü daxil olmaqla digər regional proqramlar ilə əlaqələrin gücləndirilməsinə ehtiyac duyulduğunu bildiriblər.
Gələn il AİB Türkmənistan-Əfqanıstan-Pakistan (TƏP) ötürücü xətlər layihəsinin 150 milyon ABŞ dolları dəyərində birinci fazasına vəsait ayıracaq. AİB “CAREC 2030” strategiyasında əhatə olunan aqrobiznes, turizm və dəmir yolları sahələrində regional layihələr ilə bağlı müzakirələrə artıq başlayıb.
AİB CAREC proqramı üçün katiblik funksiyasını yerinə yetirir. CAREC proqramının 2001-ci ildə yaradılmasından sonra həmin proqram çərçivəsində 40 milyard ABŞ dolları məbləğindən artıq investisiya cəlb edilib. Bu məbləğin üçdə birindən artıq hissəsi və ya 10,5 milyard ABŞ dolları AİB tərəfindən, qalan hissə isə üzv hökumətlər və digər inkişaf tərəfdaşları tərəfindən təmin edilib.
Qeyd edək ki, qərargahı Manila şəhərində yerləşən AİB fəaliyyətini daxiledici iqtisadi artım, ətraf mühit kontekstində dayanıqlı artım və regional inteqrasiya vasitəsilə Asiya və Sakit okean regionunda yoxsulluğun azaldılmasına yönləndirib. 1966-cı ildə yaradılmış AİB regionda inkişaf tərəfdaşlığının 50 illiyini qeyd edir. 2016-cı ildə AİB tərəfindən təmin edilmiş yardımın ümumi məbləği 31,7 milyard ABŞ dolları təşkil edib və bu məbləğə birgə maliyyələşdirmə çərçivəsində ayrılmış 14 milyard ABŞ dolları daxildir. Bu günədək CAREC maliyyəsi regionun daxilində və xaricində əlaqələri və ticarəti gücləndirərək 6 nəqliyyat dəhlizi üzərində 8592 kilometr uzunluğunda yolların və uzunluğu 5103 kilometrdən artıq olan dəmir yollarının tikintisi və təmiri üçün istifadə edilib. Enerji ehtiyatları artıq olan Mərkəzi Asiya ölkələri, Əfqanıstan və Pakistan daxil olmaqla Cənubi Asiyada enerji çatışmazlığını yaşayan ölkələr arasında enerji ticarətinin artırılmasını dəstəkləyərək uzunluğu 9041 kilometrdən çox olan enerji ötürücü xətləri çəkilib. Layihələr vasitəsilə investisiyalar ilə yanaşı, CAREC tərəfindən ticarətin dəstəklənməsi, potensial quruculuğu, biliklərin yaradılması və bilik mübadiləsi sahələrinə töhfə verilib. Bilik səyləri sahəsində lider olan CAREC İnstitutu hazırda hökumətlərarası təşkilat kimi fəaliyyət göstərir.