ELM VƏ TƏHSİL
ASTANADA MDB-YƏ ÜZV ÖLKƏLƏRİN MÜƏLLİM VƏ TƏHSİL İŞÇİLƏRİNİN BİRİNCİ QURULTAYI KEÇİRİLİR
Astana, 27 aprel (AZƏRTAC). Aprelin 27-də Astanada Müstəqil Dövlətlər Birliyi (MDB) Humanitar Əməkdaşlıq Şurası və Dövlətlərarası Humanitar Əməkdaşlıq Fondunun dəstəyi ilə MDB-nin üzvü olan ölkələrin müəllim və təhsil işçilərinin birinci qurultayı işə başlamışdır.
Tədbirdə Azərbaycan, Qazaxıstan, Rusiya, Belarus, Qırğızıstan, Moldova, Tacikistan və Ermənistanın nümayəndələri iştirak edirlər.
Mərasimdə Qazaxıstan Prezidenti Nursultan Nazarbayevin qurultay iştirakçılarına təbriki oxunmuşdur.
Tədbirin iştirakçıları təhsil sahəsində inteqrasiya proseslərinin inkişaf perspektivləri, pedaqogika elminin problemləri, zamanın tələblərinə uyğun yeni dərsliklərin hazırlanması və digər məsələləri müzakirə etmişlər.
Qurultayın əsas məqsədi dövlətlər arasında təhsil sahəsində keçmiş əlaqələri bərpa və inkişaf etdirməkdir. Qeyd olunmuşdur ki, müəllim və təhsil işcilərinin bu forumu MDB məkanında vahid təhsil sisteminin yaranması sahəsində atılan ilk addımdır.
Tədbirdə Azərbaycan nümayəndə heyətinin rəhbəri Rəfiq Qəndilov respublikamızda təhsil sahəsində aparılan islahatlardan və əldə olunan nailiyyətlərdən danışmışdır.
Qulu Kəngərli
AZƏRTAC-ın xüsusi müxbiri
Astana