Azərbaycan Dövlət İnformasiya Agentliyi

“ATÇILIQ HAQQINDA” AZƏRBAYCAN RESPUBLİKASI QANUNUNUN TƏTBİQ EDİLMƏSİ BARƏDƏ
AZƏRBAYCAN RESPUBLİKASI PREZİDENTİNİN FƏRMANI

«Atçılıq haqqında» Azərbaycan Respublikası Qanununun qüvvəyə minməsi ilə əlaqədar həmin Qanunun tətbiq edilməsini təmin etmək məqsədi ilə qərara alıram:

1. Azərbaycan Respublikasının Nazirlər Kabinetinə tapşırılsın ki, bir ay müddətində:

1.1. qüvvədə olan qanunvericilik aktlarının «Atçılıq haqqında» Azərbaycan Respublikasının Qanununa uyğunlaşdırılması barədə təkliflərini hazırlayıb Azərbaycan Respublikasının Prezidentinə təqdim etsin;

1.2. Azərbaycan Respublikası Nazirlər Kabinetinin və müvafiq mərkəzi icra hakimiyyəti orqanlarının normativ hüquqi aktlarının həmin Qanuna uyğunlaşdırılmasını təmin etsin və bu barədə Azərbaycan Respublikasının Prezidentinə məlumat versin;

1.3. «Atçılıq haqqında» Azərbaycan Respublikası Qanununun pozulmasına görə məsuliyyət növlərini müəyyən edən qanunvericilik aktının layihəsini hazırlayıb Azərbaycan Respublikasının Prezidentinə təqdim etsin;

1.4. həmin Qanunun 7.2-ci maddəsində nəzərdə tutulmuş atçılığın inkişafı üzrə proqramları qəbul etsin və bu barədə Azərbaycan Respublikasının Prezidentinə məlumat versin;

1.5. həmin Qanunun 8.8-ci maddəsində nəzərdə tutulmuş cins atların dövlət qeydiyyatının aparılması, onlara pasportun (şəhadətnamənin) tərtib edilməsi və verilməsi, habelə cins atlara xarici dövlətlərdə verilmiş pasportların (şəhadətnamələrin) tanınması qaydalarını müəyyən etsin və bu barədə Azərbaycan Respublikasının Prezidentinə məlumat versin;

1.6. həmin Qanunun 11.4-cü maddəsində nəzərdə tutulmuş atçılıq sahəsində dövlət nəzarətinin həyata keçirilməsi qaydasını Azərbaycan Respublikasının Prezidenti ilə razılaşdıraraq müəyyən etsin;

1.7. həmin Qanunun 15.2-ci maddəsində nəzərdə tutulmuş atçılıq təsərrüfatının zavod kateqoriyasına aid edilməsi qaydalarını və şərtlərini müəyyən etsin və bu barədə Azərbaycan Respublikasının Prezidentinə məlumat versin;

1.8. həmin Qanunun 19.5-ci maddəsində nəzərdə tutulmuş cıdır meydanlarında cins atların sınaqlarının, ənənəvi mükafatlar uğrunda cıdır yarışlarının, atüstü oyunların, sərgilərin və atçılıqla bağlı digər tədbirlərin təşkilinin və keçirilməsinin qaydalarını müəyyən etsin və bu barədə Azərbaycan Respublikasının Prezidentinə məlumat versin;

1.9. həmin Qanunun 19.6-cı maddəsində nəzərdə tutulmuş cıdır meydanlarına olan texniki normaları və tələbləri müəyyən etsin və bu barədə Azərbaycan Respublikasının Prezidentinə məlumat versin;

1.10. həmin Qanunun 20.3-cü maddəsində nəzərdə tutulmuş cins idman atlarının təlimi və at idmanı yarışlarının keçirilməsi qaydalarını müəyyən etsin və bu barədə Azərbaycan Respublikasının Prezidentinə məlumat versin;

1.11. həmin Qanunun 29.3-cü maddəsində nəzərdə tutulmuş at satışı hərraclarının keçirilməsi qaydalarını müəyyən etsin və bu barədə Azərbaycan Respublikasının Prezidentinə məlumat versin;

1.12. həmin Qanunun 30.3-cü maddəsində nəzərdə tutulmuş mükafat fondunun formalaşması və bölünməsi qaydalarını müəyyən etsin və bu barədə Azərbaycan Respublikasının Prezidentinə məlumat versin;

1.13. həmin Qanunun 31.3-cü maddəsində nəzərdə tutulmuş cıdır-şans (totalizator) oyunlarının təşkili və keçirilməsi, dövriyyəsindən əldə olunan vəsaitin və uduş fondunun bölünməsi qaydalarını müəyyən etsin və bu barədə Azərbaycan Respublikasının Prezidentinə məlumat versin;

1.14. həmin Qanunun 4.2-ci, 27.4-cü və 28.2-ci maddələrində nəzərdə tutulmuş «müvafiq icra hakimiyyəti orqanları»nın səlahiyyətlərini həyata keçirən icra hakimiyyəti orqanları barədə təkliflərini hazırlayıb Azərbaycan Respublikasının Prezidentinə təqdim etsin;

1.15. öz səlahiyyətləri daxilində «Atçılıq haqqında» Azərbaycan Respublikasının Qanunundan irəli gələn digər məsələləri həll etsin.

2. Müəyyən edilsin ki:

2.1. «Atçılıq haqqında» Azərbaycan Respublikası Qanununun 7.2-ci, 8.8-ci, 11.4-cü, 15.2-ci, 19.5-ci, 19.6-cı, 20.3-cü, 29.3-cü, 30.3-cü və 31.3-cü maddələrində nəzərdə tutulmuş «müvafiq icra hakimiyyəti orqanı»nın səlahiyyətlərini Azərbaycan Respublikasının Nazirlər Kabineti həyata keçirir;

2.2. həmin Qanunun 6.1-ci, 9.2-ci, 10.1-ci, 11.2-ci, 11.3-cü və 22.1-ci maddələrində nəzərdə tutulmuş «müvafiq icra hakimiyyəti orqanı»nın səlahiyyətlərini Azərbaycan Respublikasının Kənd Təsərrüfatı Nazirliyi həyata keçirir.

3. Bu Fərman dərc edildiyi gündən qüvvəyə minir.

İlham Əliyev

Azərbaycan Respublikasının Prezidenti

Bakı şəhəri, 22 may 2007-ci il.

Xəbəri sosial şəbəkələrdə paylaşın

Bizi sosial şəbəkələrdə izləyin