MƏDƏNİYYƏT
ATİ-də “Naxçıvan Muxtar Respublikasında mədəniyyətin və turizmin inkişafının yeni mərhələsi” mövzusunda elmi-praktik konfrans keçirilmişdir
Bakı, 20 fevral (AZƏRTAC). Azərbaycan Turizm İnstitutunda (ATİ) “Naxçıvan Muxtar Respublikasında (MR) mədəniyyətin və turizmin inkişafının yeni mərhələsi” mövzusunda elmi-praktik konfrans keçirilmişdir.
AZƏRTAC xəbər verir ki, ATİ-nin rektoru, tarix üzrə elmlər doktoru, professor Cəfər Cəfərov Naxçıvan MR-nin 90 illik yubileyinə həsr olunmuş konfransın əhəmiyyətindən danışmışdır.
Bildirmişdir ki, Azərbaycanın ayrılmaz tərkib hissəsi olan Naxçıvan MR tarixən çətin sınaqlarla dolu mürəkkəb, eyni zamanda, şərəfli bir yol keçmişdir. Bu diyar zaman–zaman milli varlığımızı qorumuş və yaşatmış, yetişdirdiyi tarixi şəxsiyyətlər, görkəmli elm, mədəniyyət xadimləri, sənətkarları ilə ölkəmizin sosial-iqtisadi, ictimai-siyasi həyatında böyük rol oynamışdır. Yüksək potensiala malik muxtar respublika hazırda dövlət proqramlarının, infrastruktur layihələrinin uğurla tətbiqi sahəsində inkişafa layiqincə sahib olmuşdur. “Naxçıvan Muxtar Respublikasının 90 illik yubileyinin keçirilməsi” haqqında Azərbaycan Respublikası Prezidentinin 2014-cü il 14 yanvar tarixli Sərəncamına uyğun olaraq, ölkəmizin hər yerində təşkil olunan müxtəlif elmi və mədəni tədbirlər beş iqlim tipli qədim yurdumuzun yubileyinə həsr olunmuşdur.
Konfransda ATİ-nin doktorantura, magistratura, əlavə təhsil şöbəsinin müdiri, dosent Nəsirulla Nəsirlinin “Naxçıvan MR-də müalicə-sağlamlıq turizminin inkişafı istiqamətləri” mövzusunda məruzəsi dinlənilmişdir. Məruzədə müalicə-sağlamlaşdırma və bərpa turizmi məqsədilə xarici ölkələrə səyahət edən Azərbaycan vətəndaşlarının sayının 2012-ci ildə 116 min 498 nəfər, Azərbaycana gələnlərin sayının isə 42 min 124 nəfər olduğunu vurğulanmışdır. Qeyd olunmuşdur ki, həm iqlim şəraitinə, həm də mineral su ehtiyatlarının sayına və tərkibinə görə Naxçıvan MR-nin ərazisi tam olaraq kurort zonasıdır. Yəni, burada müalicə, profilaktika və bərpa üçün hər cür zəruri şərtlər mövcuddur. Bu şərtlərin reallığa çevrilməsi üçün mineral su mənbələri ərazisində sanatoriya infrastrukturu yaradılmalıdır. Naxçıvan MR-də bu təcrübədən “Duzdağ” fizioterapiya, müalicə və bərpa mərkəzinin yaradılmasında istifadə edilmişdir. MR-nin ərazisinə daxil olan hər bir regionda, xüsusilə Şahbuz və Ordubad rayonlarında bu tipli müəssisələrin yaradılması regionların sosial-iqtisadi inkişafına, sahibkarlığın genişlənməsinə və miqrasiyanın qarşısının alınmasına, əlavə iş yerlərinin yaranmasına, kənd təsərrüfatı və qida sənayesinin inkişafına, sosial məsələlərin uğurlu həllinə təkan verə bilər.
Dünya Turizm Təşkilatının sərhədyanı turizmin, müalicə- sağlamlaşdırma istiqamətinin, uşaq və gənclər turizminin inkişaf etdirilməsi xaricə turist axınının qarşısını almaqla bərabər, xaricdən respublikamıza turist axınına səbəb ola bilər. Nəticədə büdcə gəlirlərinin daha da artmasına zəmin yaranar.
Sonra Azərbaycan Milli Elmlər Akademiyası A.A.Bakıxanov adına Tarix İnstitutunun şöbə müdiri, tarix üzrə elmlər doktoru, professor Ədalət Qasımovun “Naxçıvan MSSR-in yaradılması tarixindən”, ATİ-nin ictimai fənlər kafedrasının müdiri, dosent İbrahim Əliyevin “Azərbaycan tarixində Naxçıvan”, turizm biznesi kafedrasının müdiri Bahadur Bilalovun “Naxçıvan MR-də dini turizm: vəziyyəti və inkişaf perspektivləri”, xidmət mühəndisliyi fakültəsinin dekanı Sevda Vəzirovanın “Naxçıvanın mineral sularının ölkənin sanatoriya-kurort potensialında yeri”, Sevil Kərimovanın “Naxçıvan memarlıq məktəbinin orta əsrlər Türkiyə arxitekturasına təsiri”, Vüsalə Məmmədovanın “Naxçıvan MR-nin memarlıq irsi mədəni turizm obyekti kimi” və Qahirə Məmmədovanın “İslam mədəniyyətinin paytaxtı olacaq Naxçıvanda dini turizm abidələri” mövzusunda məruzələri dinlənilmişdir.
Konfransda Naxçıvanın turizm potensialının inkişafına dair irəli sürülən təkliflərin ümumiləşdirilib müvafiq qurumlara təqdim olunması, məruzələrin xüsusi buraxılışının çapa hazırlanması qərara alınmışdır.