SİYASƏT
AVRASİYA DÖVLƏTLƏRİ XII İQTİSADİ ZİRVƏ TOPLANTISI İŞİNİ DAVAM ETDİRİR
İstanbul, 7 may (AZƏRTAC). İstanbul Ticarət Palatasında dünyanın 30-dan çox ölkəsini təmsil edən nümayəndələrin iştirakı ilə Mərmərə Qrupu Strateji və Sosial Araşdırmalar Vəqfinin təşkil etdiyi Avrasiya dövlətləri XII İqtisadi Zirvə Toplantısının ikinci günündə dövlətlərin qlobal iqtisadi böhrana qarşı gördüyü tədbirlər müzakirə olunmuşdur.
Toplantının iqtisadi məsələlərə həsr olunmuş iclasında çıxış edən Türkiyənin dövlət naziri Zəfər Çağlayan, Tacikistanın iqtisadi inkişaf və ticarət naziri Qulomjon Bobozoda, Estoniyanın keçmiş prezidenti Arnold Rüütel, Rumıniyanın sabiq prezidenti İon İliyesku, Bolqarıstanın keçmiş dövlət başçısı Jelyu Jelev və digər natiqlər maliyə və iqtisadi böhranın ölkələrinə təsiri və görülən işlərlə bağlı məlumat vermişlər.
İqtisadi zirvə toplantısı çərçivəsində Mərmərə Qrupu Strateji və Sosial Araşdırmalar Vəqfi və Vyana Sənaye Palatası arasında əməkdaşlığa dair Protokol imzalanmışdır.
Avrasiya dövlətləri XII İqtisadi Zirvə Toplantısı mayın 8-də öz işinə yekun vuracaqdır.
Oqtay Bayramov
AZƏRTAC-ın xüsusi müxbiri
İstanbul