İQTİSADİYYAT
“Avropa Pul Viktorinası 2022”nin milli final mərhələsi yekunlaşıb
Bakı, 14 aprel, AZƏRTAC
Azərbaycan Mərkəzi Bankı (AMB) və Azərbaycan Banklar Assosiasiyasının (ABA) təşkilatçılığı ilə keçirilən “Avropa Pul Viktorinası”nın milli final mərhələsi başa çatıb.
ABA-dan AZƏRTAC-a bildirilib ki, müsabiqədə 13-15 yaşlı şagirdlər iştirak ediblər. Milli mərhələnin ilk seçim turu və yarımfinal onlayn formatda təşkil olunub. İlk mərhələdə iştirak edən 100 nəfərdən 52-si yarımfinala keçib. 22 nəfər final mərhələyə keçmək hüququ qazanıb.
Mərkəzi Bankda keçirilən finalda Avropa Azərbaycan Məktəbinin şagirdi Hüseyn Hüseynli, BDU nəzdində “Gənc istedadlar” liseyinin şagirdi Cabir Abbasov, Humanitar Fənlər Təmayüllü məktəb-liseyin şagirdi Xatirə Nəcəfli, Gəncə şəhər Fizika Riyaziyyat İnformatika təmayüllü liseyin şagirdi Muxtar Cəfərov müvafiq olaraq birinci, ikinci, üçüncü və dördüncü yerləri tutub. Müsahibə mərhələsindən sonra Azərbaycanı “Avropa Pul Viktorinası”nın final mərhələsində təmsil edəcək iki nəfər bu qaliblərin içərisindən seçiləcək. Yarışmanın keçirilməsində əsas məqsəd məktəblilərin maliyyə savadlılığının artırılmasını dəstəkləməkdir.