İQTİSADİYYAT
Avropa Pul Viktorinasının milli mərhələsinin qalibləri mükafatlandırılıb
Bakı, 22 aprel, AZƏRTAC
Azərbaycan Banklar Assosiasiyası (ABA) və Mərkəzi Bank tərəfindən Avropa Pul Viktorinasının milli mərhələsinin qalib komandaları mükafatlandırılıb.
ABA-dan AZƏRTAC-a bildirilib ki, qurumun prezidenti Zakir Nuriyev ilk 3 yeri tutmuş komandaların iştirakçılarını və valideynlərini qəbul edərək 6 nəfərə sertifikat təqdim edib.
O, maliyyə savadlılığı sahəsində görülən işlərdən danışıb. ABA-nın prezidenti Avropa səviyyəli yarışda Azərbaycanın da təmsil olunacağının sevindirici hal olduğunu və bu istiqamətdə tədbirlərin keçirilməsinin davam etdiriləcəyini bildirib. Qeyd edib ki, gələn il bu tədbirin daha geniş vüsət alması, daha çox məktəb və məktəblini əhatə etməsi üçün Təhsil Nazirliyi ilə sıx əməkdaşlıq qurulacaq.
Xatırladaq ki, Avropa Pul Viktorinasının milli mərhələsi martın 29-da keçirilib. Birinci yeri qazanan qalib komanda Brüsseldə keçiriləcək Avropa Pul Viktorinasının final mərhələsində ölkəmizi təmsil edəcək. Milli Mərhələyə seçim zamanı 500 nəfərədək şagird namizəd olub və onlardan 106 nəfəri milli mərhələdə mübarizə yarışıb.