DÜNYA
Avropa rəqabət qabiliyyətini itirir
Bakı, 17 dekabr (AZƏRTAC). ABŞ və Asiya ölkələri ilə müqayisədə Avropa iqtisadiyyatının rəqabət qabiliyyətinin azalması Avropa İttifaqının aparıcı sənaye şirkətlərinin rəhbərliyini narahat edir.
Aİ sənayeçilərinin “dəyirmi masa”sının (ERT) rəhbəri Leyf Yohansson “Financial Times” nəşri üçün müsahibəsində “ERT Benchmarking Report 2013” məruzəsini təqdim etmişdir.
“Dəyirmi masa”nın tərkibinə Avropanın 50 ən iri sənaye şirkətinin, o cümlədən “Nestle”, “ThyssenKrupp”, “Total”, “Siemens”, “Telefonica”, “EADS”, “Repsol” və digər şirkətlərin rəhbərləri və nümayəndələri daxildirlər.
“Еricsson” şirkətinin Direktorlar Şurasının sədri, Aİ sənayeçilərinin “dəyirmi masa”sının prezidenti Leyf Yohansson hesab edir ki, “Avropa iqtisadiyyatının gələcək inkişafı ətrafında qeyri-müəyyənlik qalmaqdadır. Biz ciddi narahatlıq doğuran bir neçə faktor görürük. Avropada vahid energetika siyasəti yoxdur. Biz ümumavropa məxrəcinə gəlməliyik, lakin bu, əvvəlki kimi yenə də ayrı-ayrı ölkələr səviyyəsində etiraz doğurur.
Bütövlükdə Avropa sənayesi isə dünya iqtisadiyyatının digər regionları, xüsusən də ABŞ ilə müqayisədə rəqabət qabiliyyətini itirməkdədir. Aİ-də gənclər arasında işsizliyin artması problemi də bizi çox düşündürür, bu, çox ciddi məsələdir”.
Avropa sənayeçilərinin fikrincə, Aİ-də əmək məhsuldarlığı göstəricisi ABŞ-da əmək məhsuldarlığının orta hesabla 3/4 hissəsini təşkil edir. Bu fonda ABŞ-da adambaşına ÜDM göstəricisi əvvəlki kimi yenə də Avropa səviyyəsindən xeyli yüksəkdir.
ERT-nin məruzəsində həmçinin böhran nəticəsində Avropa iqtisadiyyatına dəymiş ziyanın ümumi həcmi göstərilir.
Ekspertlərin hesablamalarına görə, Aİ iqtisadiyyatı böhran nəticəsində təqribən 2 trilyon avro itirmişdir, bu göstəricini Fransanın ÜDM-i ilə müqayisə etmək olar.